Bakı. 30 iyun. REPORT.AZ/ M.V.Lomonosov adına MDU-nun İqtisadiyyat fakültəsi (MDU İF) magistraturaya ödənişli əsaslarla qəbul keçirir. TQDK-dan "Report"a verilnə xəbərə görə, hər bir proqramın ətraflı təsviri və magistraturaya qəbul qaydaları http://www.econ.msu.ru/entrance/masters saytında yerləşdirilib.
M.V.Lomonosov adına MDU-nun Bakı filialı və MDU İqtisadiyyat Fakültəsinə güzəştli təhsil üçün müsabiqə elan edir. Sonra müsahibə mərhələsi olacaq. Müsahibənin nəticələri əsasında seçiləcək 10 nəfər üçün magistraturaya imtahanların verilməsi müddətində yataqxanada qalma xərclərini MDU-nun İqtisadiyyat fakültəsi ödəyəcək.
Daha sonra, magistraturaya qəbul imtahanları müvəffəqiyyətlə verildiyi halda, ən yaxşı nəticə əldə edən 5 nəfərə yaşayış və MDU İF-də təhsil xərclərinin ödənilməsi üçün qrant ayrılacaq. Müsahibəni M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektorunun əmri ilə yaradılan komissiya aparacaq.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini iyulun 2-nə kimi (AZ 1143, Bakı şəhəri, Xocasən qəsəbəsi, Universitet küçəsi 1.) təqdim etməlidirlər.
Müsahibə iyulun 3-də saat 14.00-da başlayacaq. Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:
1. M.V.Lomonosov adına MDUnun Bakı filialının rektorunun adına seçilmiş müsahibə proqramı göstərilməklə ərizə (ixtiyari formada).
2. MDU İF magistraturasının seçilməsi səbəblərini göstərməklə motivasiya məktubu.
3. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun surəti (qiymət cədvəli ilə birlikdə; cari ilin məzunları üçün – zaçot kitabçasından çıxarış).
4. Şəxsiyyət vəsiqəsinin surəti (orijinalı da gətirmək şərtilə).