Lənkəranda peşə bacarıqlarının inkişafı üzrə respublika yarışı keçirilib
- 19 iyul, 2022
- 17:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının birgə əməkdaşlığı ilə ölkədə ilk dəfə olaraq restoran xidməti üzrə yarış keçirilib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, yarış Avropa İttifaqının maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin dəstəyi ilə baş tutub.
Tədbir müxtəlif peşə istiqamətləri üzrə ölkədə milli yarışların təşkili və müvafiq olaraq, Azərbaycanı beynəlxalq yarışlara hazırlamaq fəaliyyətləri çərçivəsində keçirilib.
Məqsəd bacarıqların ölkənin iqtisadi inkişafındakı əhəmiyyətini vurğulamaq və bu istiqamət üzrə addımları dəstəkləməkdir. Yarış turizm sektorunda, xüsusilə restoran xidmətləri sahəsində cari vəziyyət və inkişafı labüd məsələlərin müzakirəsi üçün imkan yaradıb. Yay müddətində bu sahədə fəaliyyətin intensivləşməsi məsələnin aktuallığını artırıb.
Yarışın ilk mərhələsində Azərbaycanın fərqli şəhərlərindən bu sahədə çalışan və təhsil alan 173 nəfər gənc müraciət edib. Müraciətçilərdən ikinci - nəzəri mərhələni uğurla tamamlayanlar final mərhələsinə 8 nəfər vəsiqə qazanıblar.
Final yarışda sahə üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib. Yerli və xarici mütəxəssislərdən ibarət olan münsiflər heyəti iştirakçıların qiymətləndirməsini “WorldSkills International” təşkilatının qoyduğu peşə standartlarına əsasən aparıb. Tədbirinin sonunda seçilən qaliblər mükafatlandırılıblar.
Qeyd edilib ki, “WorldSkills Azerbaijan” dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platformasının Azərbaycandakı qurumudur. Bu hərəkat əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirməyi, həmin standartları təhsil sisteminə inteqrasiya etməyi hədəfləyir.
Tədbirdə BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təliminin Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin sözügedən platformaya dəstək olaraq bir sıra peşə ixtisasları üzrə yerli yarışların təşkilini və dünya standartlarına uyğun olaraq əlaqədar tərəflərin potensialının gücləndirilməsi tədbirlərini nəzərdə tutulduğu diqqətə çatdırılıb.
BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır.