Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, müsabiqədə aşağıda qeyd olunan tələblərə uyğun gələn şəxslər iştirak edə bilərlər:
- hazırda ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan şəxslər (minimum 2 il);
- son 1 (bir) il ərzində barəsində intizam tənbeh tədbiri tətbiq olunmayan şəxslər;
- qiymətləndirmə (MİQ, DQ) nəticəsi 70%-dən yuxarı olan şəxslər.
Müsabiqə 4 mərhələdən (qeydiyyat, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.
İştirak etmək istəyən namizədlər 30 avqust 2024-cü il tarixinədək aşağıda qeyd olunan keçid linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://shorturl.at/kJ609
Qeydiyyatdan keçmiş namizədlərin məlumatları yoxlanıldıqdan sonra test imtahanına buraxılması barədə qərar qəbul ediləcək. Test imtahanında təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Müsabiqə nəticəsində uğur əldə etmiş namizədlərin yerləşdirilməsi Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.