Kolleclərə tələbə qəbulu elan edildi

Kolleclərə tələbə qəbulu elan edildi Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.
Elm və təhsil
21 Fevral , 2020 09:59
Kolleclərə tələbə qəbulu elan edildi
Report

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu fevralın 21-dən martın 11‑dək internet vasitəsilə aparılacaq. 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.

"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği (20 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Dövlət İmtahan Mərkəzi  / Report
Dövlət İmtahan Mərkəzi / Report

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin aşağıdakı xüsusi hallarda bu abituriyentlər əlavə olaraq 2020-ci il martın 29-da və iyulun 5-də bəzi fənn və yaxud fənlərdən imtahan verirlər.

Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.

İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdikdən (etdirdikdən) sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 27-si qapalı, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli olmaqla 30 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 1 saat 30 dəqiqə vaxt ayrılır. Qapalı tipli tapşırıqlar 0 və ya 1 balla, açıq tipli tapşırıqlar isə qiymətləndirmə meyarlarına əsasən 0, 1/2 və ya 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

- Dinləyib-anlama mətni üzrə 4 tapşırıq (3 qapalı tipli və 1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli);

- Dil qaydaları üzrə 10 qapalı tipli tapşırıq;

- Oxuyub-anlamaya dair 2 mətn, hər mətn üzrə 8 tapşırıq (7 qapalı tipli və 1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli).

Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan iki dəfə – 2020-ci il mayın 3-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 31-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2019-cu ildə həmin imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və Azərbaycan dili (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda abituriyentlər imtahanda iştirak etmək üçün müvafiq qaydada ödəniş edirlər.

İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

Tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi