Kolleclərə qəbul imtahanlarına nəzarət üçün İctimai Şura yaradılacaq

Kolleclərə qəbul imtahanlarına nəzarət üçün İctimai Şura yaradılacaq Məleykə Abbaszadə: “İlk dəfə açıq tipli tapşırıqlar tədbiq olunur”
Elm və təhsil
17 Mart , 2017 11:16
Kolleclərə qəbul imtahanlarına nəzarət üçün İctimai Şura yaradılacaq
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ “Ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədi ilə İctimai Şura yaradılacaq”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İctimai Şuranın üzvləri DİM-in Direktor Şurası tərəfindən formalaşdırılacaq: “Proseslərə cəlb olunmazdan əvvəl şura üzvlərinə təlimlər keçiriləcək, hüquq və vəzifələri izah ediləcək. Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, KİV nümayəndələri anket formasını yükləyərək doldurub [email protected] ünvanına göndərməklə qeydiyyatdan keçə bilər. Şuradakı fəaliyyətinə görə, üzvlərə əmək haqqı, qonorar və başqa ödəniş verilmir”.

M.Abbaszadə qeyd edib ki, DİM mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirir: “Üzrlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün imtahanlar aprel ayında keçiriləcək. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədi ilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur. Bu formada açıq tipli tapşırıqlar ilk dəfə tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq”.

Son xəbərlər

Orphus sistemi