İnklüziv Təlim Mərkəzi Buzovnaya köçürüldü

İnklüziv Təlim Mərkəzi Buzovnaya köçürüldü İçərişəhərdə yerləşən Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Buzovna qəsəbəsində yerləşən korpusuna köçürülüb
Elm və təhsil
20 May , 2021 12:21
İnklüziv Təlim Mərkəzi Buzovnaya köçürüldü

İçərişəhərdə yerləşən Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Buzovna qəsəbəsində yerləşən korpusuna köçürülüb.

"Report" xəbər verir ki, bu İnklüziv Mərkəz Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycanda inklüziv təhsilin təşviqinə yönəlmiş layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və İçərişəhər Administrasiyası tərəfindən birgə təsis edilib.

“Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin təşviqi” adlı üçillik layihənin əsas məqsədi əlilliyi olan uşaq və gənclərin ehtiyaclarına uyğunlaşdırılmış inklüziv peşə təhsil proqramlarına çıxış imkanlarının artırılmasına kömək etməkdir.

Layihə nəticəsində, 112 nəfər əlilliyi olan və olmayan tələbə inklüziv təhsil proqramından faydalanıb; 20 nəfər müxtəlif çətinlikləri olan tələbə isə özünüməşğulluq layihələrini kiçik qrantlar əldə etmək üçün təqdim edib; əlavə olaraq 50 video dərs hazırlanaraq layihənin “YouTube” kanalında yerləşdirilib və bütün vətəndaşların istifadəsinə verilib, eləcə də ənənəvi incəsənət sahələri üzrə 4 kurikulum və 11 tədris modulu hazırlanıb və müvəffəqiyyətlə sınaqdan keçirilib.

Bundan əlavə, incəsənət müəllimləri, xüsusi xidmət təminatçıları, xüsusi pedaqoq-təcrübəçilər, peşə təhsil müəssisələrinin müəllimləri və psixoloqları, direktor və direktor müavinlərinə inklüziv təhsil üzrə potensialın gücləndirilməsi üçün xüsusi proqram keçirilib. Məqsəd, qeyd edilən mütəxəssislərin müxtəlif əlillikləri olan gənclərlə işləməsi üçün daha yaxşı hazırlığını təşkil etmək olub.

Layihə eyni zamanda Buzovnada yerləşən peşə təhsil müəssisəsində müvafiq lift inşa edərək Mərkəzə müyəssər girişi təmin edib. Həmçinin, yeni avadanlıq və materiallar təchiz olunub və iki otaq təmir edilərək peşə emalatxanası olaraq istifadəyə verilib.

Layihə çərçivəsində suvenir istehsalı ilə bağlı bir sıra ustad dərsləri təşkil edilib və vitraj suvenirlərinin istehsalı üzrə yeni inklüziv kurs sınaqdan keçirilib.

Bu inklüziv mərkəzin adıçəkilən peşə təhsil müəssisəsinə köçürülməsi ilə, Peşə Təhsili üzrə Dövlət Agentliyi öz növbəsində, inklüziv təhsil proqramlarını davam etdirmək və inklüziv təhsilin peşə təhsili şəraitində inteqrasiyasını daha da inkişaf etdirmək niyyətindədir. “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin təşviqi” layihəsinin nailiyyətlərini əldə tutaraq həmin istiqamətdə davam etdirmək, həmçinin əlilliyi olan tələbələrə davamlı dəstəyin təmin edilməsi məqsədilə bu sahədə çalışan mütəxəssislər üçün yaxın gələcəkdə əlavə olaraq, potensialın artırılması proqramları da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi