Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2020-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında xüsusilə fərqlənmiş nəzarətçi-müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüş keçirib.
"Report" xəbər verir ki, iclasda çıxış edən DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.
Sədr qeyd edib ki, DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil olunur: "Bu zaman nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və rəyi, köçürmə halları və digər qayda pozuntuları, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu‑anketlərində zal nəzarətçisi haqqında rəyləri, nəzarətçinin ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri nəzərə alınır".
O əlavə edib ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1 178 nəzarətçi‑müəllimə təşəkkür elan edilib, o cümlədən 38 nəzarətçi-müəllim, 5 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Bundan əlavə, müəllimlərə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar da göndərilib.
Qeyd edək ki, ötən il keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15 657 nəfər olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 11 334, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 6 700 nəzarətçi cəlb edilib. Yekun olaraq bu imtahanlarda 13 043 nəzarətçi (bir nəzarətçinin bir neçə imtahana cəlb edildiyini nəzərə alsaq 28 157 nəzarətçi) iştirak edib.