Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi DTX-nın generalıdır

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi DTX-nın generalıdır Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsini təqdim edib.
Elm və təhsil
14 Mart , 2023 09:33
Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi DTX-nın generalıdır

Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub.

DİM-dən “Report”a bildirilib ki, H.Mansurov Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülüb.

Həsən Mansurov həmin il ali məktəblərə qəbulda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olub, Bakı-Türk Liseyinin məzunudur. H.Mansurov daha sonra ən yüksək balla BDU-da magistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətinə hüquq-mühafizə orqanlarında başlayan general Mansurov, DTX-ya qədər bir sıra dövlət qurumlarında çalışıb.

H.Mansurov 2002-ci ildə Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü belə xatırlayır:

“Ulu öndər tələbələrə Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidlərlə baxdığını bildirdi. Bu sözlərin təsirində Azərbaycan gənci olmağın nə qədər şərəfli olduğunu, eyni zamanda nə qədər məsuliyyətli olmalı olduğumuzu hiss etmişik. Bütün sözləri, fikirləri xatirimizdədir”.

Qeyd edək ki, DİM Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsini təqdim edib.

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı DİM-in Tədbirlər Planına uyğun olaraq həyata keçirilən birgə layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən bəziləri ilə ünsiyyət saxlanılıb, onlardan ulu öndərlə keçirilən görüşü necə xatırladıqları, həmin görüşün təhsil və karyeralarındakı rolu, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bildirmək xahiş olunub.

“Heydər Əliyev İli” boyunca ilk Prezident təqaüdçüləri ilə silsilə videoçarxlar təqdim olunacaq.

Layihə çərçivəsində H.Mansurovla yanaşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri, sədrin müşaviri Orxan Dəmirlidən, filoloq Murad Seyidovdan, süni intellekt üzrə mütəxəssis Rauf Fətullayevdən, həkim - kardioloq Aysel İslamlıdan müsahibələr alınıb.

Xatırladaq ki, Prezident təqaüdü təhsil sahəsində yüksək nailiyyətlər əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şəraitin yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə Prezident Heydər Əliyevin 3 sentyabr 2001-ci il tarixində imzalanan Fərmanı ilə təsis edilib. Həmin Fərmana uyğun olaraq ilk dəfə 2001/2002-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə etmiş 25 tələbəyə Prezident təqaüdünün verilməsi ilə bağlı Sərəncam imzalanıb.

Prezident təqaüdünün təsis edilməsi pedaqoji ictimaiyyəti tərəfindən sevinclə qarşılanmış, ən başlıcası isə ali məktəblərə hazırlaşan gənclərin arasında böyük ruh yüksəkliyi və sağlam yarış əhval-ruhiyyəsi yaradıb. Sonradan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təqaüdçülərin sayı və məbləği artırılıb.

Ulu öndər Heydər Əliyev təhsilimizin böyük qayğıkeşi olaraq, həmçinin hər il ali məktəbə yüksək balla daxil olan gənclərlə Prezident sarayında görüş keçirirdi. Heydər Əliyev yüksək nəticələrə görə tələbələri şəxsən təbrik edir, onlara xatirə hədiyyələri təqdim edir və təhsildə uğurlar arzulayırdı.

Son xəbərlər

Orphus sistemi