İstanbulda “Odlar Yurdu Azərbaycan” adlı təqdimat keçirilib

İstanbulda “Odlar Yurdu Azərbaycan” adlı təqdimat keçirilib Təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı haqqında məlumat verilib
Elm və təhsil
28 Sentyabr , 2017 19:13
İstanbulda “Odlar Yurdu Azərbaycan” adlı təqdimat keçirilib
Report.az

İstanbul. 28 sentyabr. REPORT.AZ/ "İslahatçı Gənclər" İctimai Birliyinin (İB) təşkilatçılığı ilə İstanbul Aydın Universitetində (İAU) xarici tələbələr üçün “Odlar Yurdu Azərbaycan” adlı təqdimat keçirilib. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, 30 ölkədən 50-dən çox xarici tələbənin qatıldığı təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, keçmişi və bu günü haqqında məlumat verilib, tələbələrin təqdimatında maraqlı sənədli filmlər nümayiş olunub. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən film nümayişi etdirilib. 

Birliyin sədri Fərid Şahbazlı çıxışında bildirib ki, hazırda Türkiyədə təhsil alan 80 mindən artıq xarici tələbə həmçinin təmsil etdikləri ölkələrin könüllü elçiləridir: “Bu mənada biz xarici tələbələr arasında Azərbaycan həqiqətlərinin təbliğ edilməsinə, onlara ölkəmizin turizm potensialı haqqında məlumatların verilməsinə çalışmalıyıq. Belə təqdimatları Türkiyənin digər universitetlərində də təşkil etməyi planlaşdırırıq”.

İstanbul Aydın Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru Selman Aslanbaş Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkərək Azərbaycanla bağlı çoxsaylı tədbirlərin keçirilməsində maraqlı olduqlarını ifadə edib. 

Onun sözlərinə görə, hazırda İAU-da 200-dən artıq azərbaycanlı gənc təhsil alır və onlar ali təhsil müəssisəsinin nümunəvi tələbələridir: “Biz iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsində maraqlıyıq. Bu məqsədlə oktyabrın 5-dən 7-dək Bakıda keçiriləcək Beynəlxaq Təhsil Sərgisində Türkiyəni təmsil edəcəyik”.