İyulun 21-i məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilib.
"Report" xəbər verir ki, test imtahanında müvəffəqiyyət qazanmış 167 hakimliyə namizədlə 21 iyul 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilib. Əvvəlcə Hakimlərin Seçki Komitəsi tərəfindən qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb. Həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib. Namizədlər həmin suallar sırasından təsadüfi yolla cinayət və mülki sahəyə aid suallar seçiblər. Seçilmiş inşa mövzuları elan edilib və kazusların işlənilməsi üçün namizədlərə 4 saat vaxt verilib. Namizədlər verilən inşa mövzularını həll edərək müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmalı və onun izahını verməklə, qanunun konsepsiyasını ifadə etməlidirlər.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. Yazılı imtahanın nəticələri “ikiqat yoxlama” üsulu ilə yaxın zamanda elan olunacaq. Qeyd edək ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı dekabrın 15-də keçiriləcək. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan hüquqşünasları müsabiqədə daha fəal iştiraka dəvət edir.
Dövlət İmtahan Mərkəzi hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərin yazılı imtahan mərhələsini keçirəcək.
DİM-dən "Report"a bildirilib ki, hakim vəzifəsinə namizədlərlə yazılı imtahan mərhələsi də kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.
İmtahanda iştirak etmək üçün 173 nəfər qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlanır və 4 saat davam edəcək.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. Namizədlər imtahanın başlanmasına ən az 1 saat qalmış imtahan binasının qarşısında olmalıdırlar.