Gürcüstanın ali məktəblərində 901 nəfər Azərbaycan vətəndaşı təhsil alır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2020-2021-ci tədris ili üzrə hesabatında bildirilib.
Sənədə əsasən, onların 402-si dövlət, 499-u isə özəl universitetlərin tələbələridir.
2019-2020-ci tədris ili ilə müqayisədə qonşu ölkənin universitetlərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 443 nəfər azalıb.
Hazırkı tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşı yoxdur.
Qonşu ölkənin ali təhsil müəssisələrində hazırda 14 617 nəfər əcnəbi təhsil alır ki, bu da illik müqayisədə 9,7 % çoxdur.
2020-ci ildə Gürcüstanın ali təhsilin doktorantura pilləsinə 2 nəfər Azərbaycan vətəndaşı qəbul olub. Məlumata görə, həmin şəxslərin hər ikisi qadındır. İllik müqayisədə qonşu ölkədə doktoranturada təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1 nəfər azalıb.
Gürcüstanda hazırda doktorantura təhsili alan əcnəbilərin ümumi sayı 32 nəfərdir ki, bu da illik müqayisədə 10 nəfər azdır.