Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anılıb

Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anılıb Alimin dünyasını dəyişməsinin 23-cü ildönümü münasibətilə mərasim təşkil olunub
Elm və təhsil
19 Sentyabr , 2015 13:05
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi II Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini anıblar. "Report" xəbər verir ki, mərasim alimin dünyasını dəyişməsinin 23-cü ildönümü münasibətilə təşkil olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olduğunu söyləyib və onun çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını qeyd edib.

H.Hüseynova görkəmli alim Aida xanım İmanquliyevanın mənalı həyat yolundan danışıb, onun həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını diqqətə çatdırıb.

Professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi