Gəncədə tələbələr üçün “Məzun 2017” adlı əmək yarmarkası keçirilib - FOTO

Gəncədə tələbələr üçün “Məzun 2017” adlı əmək yarmarkası keçirilib - FOTO Yarmarkada 800-ə yaxın tələbə iştirak edib
Elm və təhsil
26 Aprel , 2017 19:58
Gəncədə tələbələr üçün “Məzun 2017” adlı əmək yarmarkası keçirilib - FOTO
Report.az

Gəncə. 26 aprel. REPORT.AZ/ Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr üçün “Məzun 2017” adlı əmək yarmarkası keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərindəki bütün ali məktəblərin sonuncu kurs tələbələrinin dəvət olunduğu yarmarkada ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 42 müəssisə boş iş yerləri çıxarılıb. Onların arasında müxtəlif dövlət qurumları, bələdiyyələr, məşğulluq mərkəzləri, banklar, hotellər və sənaye müəssiələri üstünlük təşkil edib. Şirkətlər tərəfindən 400-dən artıq vakant iş yerləri yarmarka iştirakçılarına təqdim edilib. 

Yarmarkada iştirak edən ATU və Gəncədəki digər universitetlərin 800-ə yaxın tələbəsi ixtisaslarına uyğun iş təklifləri ilə maraqlanıb, işverənlər tərəfindən təqdim olunan “CV”ləri doldurublar. Onlardan bir qismi müzakirələr üçün müəssisələrə dəvət olunub. 

Yarmarka çərçivəsində işəgötürənlər məzunlara müxtəlif ixtisaslar üzrə stajkeçmə və təcrübə imkanları haqqında da məlumat veriblər. 

ATU-nun rektoru, professor Akif Süleymanov jurnalistlərə bildirib ki, indiki postneft dövründə ATU tərəfindən hazırlanan mühəndis texnoloqlara ehtiyac hər gün artmaqdadır: "Eyni zamanda iqtisadiyyatın, sənayenin təşkili və idarə olunması üzrə hazırlanan mütəxəssislərin işlə təmin olunması əsas şərtlərdəndir. Bu məsələdə isə ənənəvi olaraq hər il keçirilən məzun yarmarkalarının rolu danılmazdır".

Sonra müəssisə nümayəndələri ilə ali məktəb rektorları arasında bu il məzun olan tələbələrin işlə təmin olunması və müxtəlif ixtisaslar üzrə stajkeçmə və təcrübə imkanları mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, bu ATU tərəfindən təşkil olunan sayca dördüncü məzun yarmarkasıdır.

Son xəbərlər

Orphus sistemi