Şəki şəhərində
Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.
Tədbirdə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılova, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, lisey siniflərinin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
S.İsmayılova lisey siniflərinin fəaliyyətə başlamasının rayonun təhsil həyatı üçün əhəmiyyətini vurğulayıb, kollektivə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, bu il ilk dəfə olaraq, Şəki, Gəncə, Quba və Şirvan şəhərlərində lisey sinifləri təşkil edilib. Fuad Qarayev deyib ki, lisey siniflərinə qəbul iki mərhələdə aparılıb. İlkin mərhələdə fənn müsabiqəsi qalibləri birbaşa lisey siniflərdə oxumaq şansı qazanıblar. İkinci mərhələdə keçirilmiş imtahanlarında Şəki şəhəri üzrə 197 şagird iştirak edib.
Fuad Qarayev qeyd edib ki, lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçilib.
Fuad Qarayev təhsilin hər bir şagird üçün əlçatan olması üçün nazirlik tərəfindən mütəmadi olaraq həyata keçirilən layihələrdən də danışıb.
Lisey siniflərinin direktoru Ariz Abdullayev çıxışında deyib ki, bu tədris ilində 6 lisey sinifi fəaliyyət göstərəcək. Ariz Abdullayevin sözlərinə görə, lisey siniflərində ümumilikdə 144 şagird təhsil alacaq, şagirdlərdən 26-sı fizika-riyaziyyat təmayüllü liseydən gəlib, 27-si isə fənn müsabiqələrinin qalibi kimi liseydə oxumaq şansı qazanıb. Ariz Abdulllayev əlavə edib ki, şagird kontingentin qalan hissəsi isə sentyabrın 10-da keçirilən imtahanda yaxşı nəticə göstərənlər arasından seçilib.
Tədbirdə iştirak edən digər qonaqlar da lisey siniflərinin əhəmiyyətinə toxunub, yeni tədris ilində hər kəsə uğurlar arzulayıblar.
Sonra tədbir iştirakçıları lisey siniflərində yaradılan şəraitlə tanış olublar.