Bakı. 13 iyul. REPORT.AZ/ “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin nəticələri Elmin İnkişafı Fondunda keçirilən mükafatlandırma mərasimində açıqlanıb.
"Report" xəbər verir ki, “2 Fevral – Gənclər Günü”ndə elan edilən müsabiqə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun təşkilatçılığı ilə həyata keçirilib.
Fondun icraçı direktoru Elçin Babayev bildirib ki, müsabiqənin məqsədi gənclərin potensialından istifadə etməklə ölkədə maliyyə savadlılığının artırılmasıdır : " Müasir dövr Bu yolda ilk addım olan bu müsabiqə gələcəkdə daha zəngin formatdsa davam etdirilə bilər. Hesab edirik ki, qaliblər ölkənin dayanıqlı və davamlı inkişafında öz xüsusi tövhələrini uğurla verəcəklər".
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artırılması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş elmi əsərlərin meydana çıxması, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır.
Birgə müsabiqə komissiyasının rəyinə əsasən, maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlər 3 nominasiya üzrə diplom və pulla mükafatlandırılıb:
I yer – Vüqar Məmmədzadə və Samir Ağayev, UNEC (1500 manat)
II yer – Murad Hacıyev, AMEA İqtisadiyyat İnstitutu (1000 manat)
III yerlər – Nurlanə Kərimova, UNEC (500 manat)
Yaşar Dəmirov, UNEC (500 manat)
“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim olunan məqalələr ölkənin iqtisad elmi sahəsində maliyyə maarifləndirilməsi istiqamətində aparılan ilk elmi işlərdir. Bu istiqamətdə elmi tədqiqat işlərinin aparılmasını stimullaşdırmaq üçün həm Elmin İnkişafı Fondu, həm də Mərkəzi Bank gələcəkdə də bənzər müsabiqə və tədbirlər keçirməyi planlaşdırır.