Bakı. 20 yanvar. REPORT.AZ/ Gələn ildən başlayaraq Azərbaycanın ali təhsil müəssisələrində qiymətləndirmə mexanizmləri Bolonya prosesinin tələblərinə uyğun təkmilləşdiriləcək. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qeyd olunub.
Plana əsasən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri yaradılacaq. Eyni zamanda təhsil müəssisələrində keyfiyyətin xarici və daxili monitorinqi, qiymətləndirmə mexanizmlərinin yaradılması və tətbiqi cari ildən başlayaraq həyata keçiriləcək. İşin icrası isə Təhsil Nazirliyinə tapşırılıb.
Bundan başqa, Fəaliyyət Planında o da qeyd olunub ki, cari ildən başlayaraq mütəmadi şəkildə ümumi təhsildə şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin, o cümlədən məktəbdaxili qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi işləri həyata keçiriləcək. Bu tədbirlər Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən görüləcək. Həmçinin cari ildən etibarən ümumi təhsildə müxtəlif fənlər üzrə mütəmadi olaraq milli qiymətləndirmə tədqiqatları aparılacaq.