“Gələcəyə ümid” layihəsi təqdim olunub

“Gələcəyə ümid” layihəsi təqdim olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsinin təqdimat mərasimi keçirilib.
Elm və təhsil
25 Noyabr , 2021 17:22
“Gələcəyə ümid” layihəsi təqdim olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsinin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının rəsmiləri iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva humanist dəyərlərin təbliği və gələcəyə inamla addımlayan gənclərin yetişdirilməsi missiyasını qarşısına məqsəd qoyan layihəni cəmiyyətə sağlam gənclər qazandırmaq baxımından təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib: "Ölkədə uşaq hüquqlarının qorunması, onların hər cür diqqət və qayğı ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biridir. Sağlam, savadlı və vətənpərvər nəsil yetişdirmək üçün bütün gücü ilə çalışan təhsili idarəetmə qurumları da həssas qruplardan olan uşaqların təlim-tərbiyəsi, onların cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirilməsini qarşıya məqsəd qoyublar".

Təhsil nazirinin müşaviri Elnur Əliyev şagirdlərin maarifləndirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən layihənin uğurlu nəticələr əldə edəcəyinə əmin olduğunu söyləyib: "Yüksək intellektə sahib, bacarıqlı, müasir çağırışlara cavab verən gəncliyin yetişdirilməsi Təhsil Nazirliyinin prioritetləri sırasında əsas yerlərdən birini tutur".

Çıxış edənlər də layihəni uşaq və yeniyetmələrin sağlam, bilikli və hərtərəfli formalaşması yönündə atılmış uğurlu addım kimi dəyərləndiriblər.

Daha sonra mərasimdə “Gələcəyə ümid” layihəsindən bəhs edən videoçarx, Bakının 221 nömrəli tam orta məktəbinin şagirdi Fərrux Nizamovun senarisi əsasında hazırlanmış “Bir şagirdin hekayəsi” adlı səhnəcik və rəqs kompozisiyaları nümayiş etdirilib.

Qeyd edək ki, “Gələcəyə ümid” layihəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin 8-ci sinif şagirdləri arasında bir akademik tədris ili üçün nəzərdə tutulur.

Layihənin ideya müəllifləri TDM-nin İngilis dili üzrə metodisti Tünzalə Rzayeva, mərkəzin psixoloqu Əziz Kərimov və Azərbaycan Dillər Universitetinin müəllimi Ülviyyə Xəlilovadır.

Son xəbərlər

Orphus sistemi