Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı Səməd Seyidov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.
ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən “Report”a verilən məlumata görə, S.Seyidov rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən danışaraq bir çox ali təhsil müəssisələri, o cümlədən Fransanın Strasburq Universiteti ilə əməkdaşlıq etdiklərini bildirib. O, universitetdə fransız dilinin yüksək səviyyədə tədris olunduğunu deyərək, tələbələrin bu dilə böyük maraq göstərdiyini söyləyib. S.Seyidov universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini və müəllim-tələbə mübadiləsinin vacibliyini də vurğulayıb.
P.Mönye isə öz növbəsində ADU-da olmaqdan məmnunluğunu dilə gətirib. Səfir universitetdə fransız dilinin tədris olunmasını yüksək qiymətləndirib. O, fransız dilinin tədrisi nəticəsində ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.