“Erməni millətçiliyi: gələcəyi olmayan həyat” adlı kitabın təqdimatı olub
- 12 aprel, 2023
- 11:18
Yeniliklərdən dərhal xəbərdar olun!
“Erməni millətçiliyi: gələcəyi olmayan həyat” adlı kitabın təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunda keçirilən tədbirdə 50-dən çox qonaq - Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı və digər dövlət qurumlarının və komitələrin nümayəndələri, Milli Məclisin deputatları, alimlər və media mənsubları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov açıb.
O, Hüquq və İnsan Haqları İnstitutunun fəaliyyətinin daha bir istiqaməti kimi xalqa, millətə, dövlətçiliyə əhəmiyyətli olan nəşrlərin sayının artırılması sahəsində görülən işləri yüksək qiymətləndirdiyini bildirib və qeyd edib ki, belə nəşrlərin geniş təqdimatının keçirilməsinin ictimaiyyət üçün əhəmiyyətli olacağına inanır.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında təqdimatın səbəbkarı Moisey Bekkerin uzun illər Hüquq və İnsan Haqları İnstitutunda elmi fəaliyyətlə məşğul olduğunu, hazırda isə müəllifin İnstitutun Ekspert Şurasının üzvü olduğunu diqqətə çatdırıb.
M.Quluzadə M.Bekkerin bu yaxınlarda işıq üzü görmüş yeni monoqrafiyasının - «Армянский национализм: жизнь без будущего» (“Erməni millətçiliyi: gələcəyi olmayan həyat”) obyektiv tarixi araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Təqdimat zamanı qeyd olunub ki, müəllif tərəfindən monoqrafiyada “Armenakan”, “Qnçak” və “Daşnaksütyun” kimi siyasi partiyaların erməniliyin siyasi baxışlarının formalaşmasına təsiri, Osmanlı və Rusiya imperiyalarını, eləcə də Sovet İttifaqını daxildən parçalamaq istiqamətində iştirakı təhlil edilir.
Müzakirələr zamanı iştirakçılar qatı millətçiliyin arzuolunmaz fəsadları və azad olunmuş ərazilərdə mina təhlükələrinin vətəndaşların rifahına və sosial-iqtisadi inkişafına sipər çəkməsi barədə geniş fikir mübadiləsi aparıblar.