Elmin İnkişafı Fondunun 8-ci “Mobillik qrantı”nın nəticələri açıqlanıb

Elmin İnkişafı Fondunun 8-ci “Mobillik qrantı”nın nəticələri açıqlanıb Müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 92000 manat olan 17 qalib layihə müəyyənləşdirilib
Elm və təhsil
11 Avqust , 2017 10:53
Elmin İnkişafı Fondunun 8-ci “Mobillik qrantı”nın nəticələri açıqlanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Prezident yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2017-ci ildə elan edilən 8-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb.

Fondun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə üç məsləhət seminarı təşkil edib.

Müsabiqəyə təqdim edilən 25 layihə elmi ekspertiza mərhələsinə buraxılıb.

Bildirilib ki, 8-ci “Mobillik qrantı” müsabiqəsinə layihələr alimlər tərəfindən bu dəfə “online” şəkildə, fondun innovativ texnologiyası olan və ASAN imzanın inteqrasiya edildiyi “e-Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim olunub.

Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 8-ci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 92000 manat olan 17 qalib layihə müəyyənləşdirilib.

8-ci “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 8-i xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 9-u isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 8-i qadındır.

Qaliblər AMEA-nın Fizika, Neft-Kimya Prosesləri, Geologiya və Geofizika, Neft və Qaz, Botanika, Zoologiya, Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Arxeologiya və Etnoqrafiya institutlarını, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasını, Qobustan Milli Tarix-Bədii Qoruğu, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunu təmsil edirlər.

Fizika-riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 1, Yer haqqında elmlər üzrə 5, biologiya, tibb və aqrar elmləri üzrə 6 və humanitar və ictimai elmlər üzrə isə 2 layihə qalib olub.

8-ci “Mobillik qrantı”nın qalibləri Türkiyə, Koreya, Gürcüstan, Polşa, Rusiya, Almaniya, Yunanıstan, Fransa və İspaniyada elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.

“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.

Son xəbərlər

Orphus sistemi