Elmin İnkişafı Fondu Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatını keçirib

Elmin İnkişafı Fondu Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatını keçirib Mərasimdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib
Elm və təhsil
31 Mart , 2016 15:41
Elmin İnkişafı Fondu Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatını keçirib

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində “Ermənistanın Azərbaycana təcavüzü” (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının (müəllif: Musa Qasımlı) Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilib.

“Report”un məlumatına görə, tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdiri Əli Həsənov, dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdimatı keçirilən kitabların qiymətli əsərlər olduğunu deyib: "Elmi redaktorluğunu etdiyimdən, kitablarla ilk tanışlığımda dərhal bu kitabların Azərbaycan tarixini, xüsusilə azərbaycanlılara qarşı 200 ildən artıq müddətdə ermənilər tərəfindən törədilən soyqırımı hadisəsinin öyrənilməsi anlamında mühüm bir mənbə olduğu qənaətinə gəldim. Bu kitabların yazılması, nəşr olunması, o cümlədən xarici dilə çevrilməsi və dünyada geniş yayılması təşəbbüsünü dəstəklədim. Çox kitabları maliyyələşdirmək və sponsorluq etmək olar. Lakin millətin, xalqın taleyüklü məsələsi olan və onun tarixinin mühüm məqamı hesab olunan, dünyaya çatdırılması vacib olan hadisələrə həsr olunan kitabların maliyyələşdirilməsi təkcə məmur məsuliyyəti deyil, eləcə də vətəndaşlıq borcudur".

Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışı zamanı bildirib ki, hər iki əsər Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib və bununla bağlı müvafiq şəhadətnamələr verilib: "Musa Qasımlının müəllifi olduğu monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələlərinin, Azərbaycan ərazilərinin işğalının nəticələri və digər vacib məsələlər araşdırılıb. Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib. Əsər tarixçi, siyasətçi, diplomat və bu məsələ haqqında tarixi gerçəkləri bilmək istəyənlər üçün nəzərdə tutulub".

Qeyd olunub ki, "Ermənistanın Azərbaycana təcavüzü" (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın birinci cildində (Sənədlər və materiallar) Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr verilib. Kitabda münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin diplomatik fəaliyyətini əks etdirən rəsmi foto-materiallar da verilib.

2-ci kitabda (Etnik təmizləmə, soyqırım, terror, işğal) XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili xronikası verilib. Bununla yanaşı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı və bu təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da verilib.

3-cü kitabda (Beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasəti) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair dünya birliyi, o cümlədən beynəlxalq təşkilatlar (BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və s.) tərəfindən qəbul edilmiş sənədlərin xronoloji ardıcıllıqla və sistemli şəkildə təhlili xronikası verilib. Bundan əlavə, baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlil edildiyi kitabda münaqişənin nizama salınması istiqamətində beynəlxalq təşkilatların fəaliyyətindəki ziddiyyətli cəhətlərə, buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli mümkün və zəruri olan məsələlərə də diqqət yetirilib.

Çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib ki, kitablar xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin, ali məktəblərin beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya, regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələr və magistrantlar, müəllimlər üçün faydalı ola bilər.

Qeyd edək ki, tədbirin keçirilməsinə Prezident yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir.

Son xəbərlər

Orphus sistemi