Elmi-tədqiqat səriştələri olan akademik heyət üzvlərinə tədqiqatçı alim statusu verilə bilər.
“Report”un əldə etdiyi məlumata görə, bu, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Elm və Təhsil Nazirliyi, Ali Attestasiya Komissiyası və İqtisadiyyat Nazirliyinə bu il oktyabrın 1-nə kimi elmi-tədqiqat səriştələri olan akademik heyət üzvlərinin tədris yükünün müəyyən qədər azaldılması və onlara tədqiqatçı alim statusunun verilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.
Yol xəritəsində həmçinin elm və ali təhsil müəssisələrində elmi fəaliyyətin qiymətləndirilməsi üçün milli reytinq sisteminin yaradılması, dissertasiya və elmi işlərin yazılması zamanı beynəlxalq səviyyədə qəbul olunan istinad sistemlərindən (məs., Harvard, APA, Chicago, ACM/IEEE, Vancouver, MLA və s.) istifadəni məcburi edən qaydaların hazırlanması və pilot qaydada icra edilməsi, eləcə də tədqiqatçıların fəaliyyətinin maliyyələşdirilməsi və stimullaşdırılması sahəsində vahid modelin yaradılması ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məsələsi də yer alıb.