Ülkər Səttarova Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.
"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Ü.Səttarova 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya sistemləri ixtisası üzrə magistr dərəcələrini alıb. 2011-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə dissertantura, 2014-2019-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Fransanın Monpelye Universiteti ilə birgə təklif etdiyi sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə doktorantura təhsili alıb. 2020-ci ildən Niderland Krallığının Maastrixt Universitetində təhsilin idarə olunması ixtisası üzrə doktorantura təhsilini davam etdirir.
Ü.Səttarova 2004-2016-cı illərdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda tədqiqatçı, 2014-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018-2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020-2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022-2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
Ü.Səttarova Mərkəzi və Şərqi Avropa Ölkələrinin Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) ilk azərbaycanlı üzvüdür.