Ekspert: Uşaqlara ekoloji biliklərin verilməsi onlarda təbiətə qarşı qayğıkeş münasibəti inkişaf etdirir  

Ekspert: Uşaqlara ekoloji biliklərin verilməsi onlarda təbiətə qarşı qayğıkeş münasibəti inkişaf etdirir   Ekoloji təhsilə erkən yaşlardan başlamaq son dərəcə vacibdir, çünki uşaqlar bu dövrdə ətraf aləmi çox çevik və önyarğısız qəbul edirlər.
Elm və təhsil
29 mart 2025 10:39
Ekspert: Uşaqlara ekoloji biliklərin verilməsi onlarda təbiətə qarşı qayğıkeş münasibəti inkişaf etdirir  

Ekoloji təhsilə erkən yaşlardan başlamaq son dərəcə vacibdir, çünki uşaqlar bu dövrdə ətraf aləmi çox çevik və önyarğısız qəbul edirlər.

Bunu “Report”a bu yaxınlarda işıq üzü görmüş “Uşaqlar üçün yaşıl biliklər” kitabının müəllifi, dayanıqlı inkişaf və kommunikasiya üzrə ekspert Liya Bayramova deyib.

Ekspertin sözlərinə görə, qlobal ekoloji problemlər və iqlim dəyişiklikləri fonunda erkən yaşlardan bu sahədə biliklərin verilməsi vacibdir ki, uşaqların dünyagörüşü formalaşdıqca, onlarda təbiətə qarşı qayğıkeş münasibət inkişaf etsin.

O qeyd edib ki, məhz ənənəvi biliklərin və praktiki bacarıqların ötürülməsi yolu ilə uşaqlar ətraf mühitin həqiqi qoruyucularına çevrilə bilərlər:

“Həm müdrik əcdadlarımız, həm də müasir metodologiyalar üzərində qurulan bu yanaşma artıq bu gün Azərbaycanda ekoloji baxımdan savadlı və məsuliyyətli cəmiyyətin formalaşması üçün möhkəm təməl yaradır”.

Kitabın müəllifi vurğulayıb ki, “Uşaqlar üçün yaşıl biliklər” ekoloji təhsili ən kiçik yaşlardan əlçatan və anlaşılan etmək istəyinin nəticəsidir.

L.Bayramova bildirib ki, kitab sadə dildə yazılıb və uşaqların təbiəti qorumağın vacibliyini başa düşməsinə kömək edən praktiki nümunələrlə zəngindir:

“Burada tullantıların təkrar emalı, su və enerjiyə qənaət üsulları, eləcə də xalqımızın ekoloji harmoniyanı qorumağa kömək edən ənənəvi dəyərləri haqqında məlumat verilir. İnanıram ki, bu kitab valideynlər və müəllimlər üçün faydalı bir vasitəyə çevriləcək və uşaqlarda ətraf mühitə qarşı məsuliyyətli münasibət formalaşdırmağa kömək edəcək”.

Orphus sistemi