Bu gün "ADA" Universitetində İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova dair sənədlər toplusu olan "Əhmədiyyə Cəbrayılov-100" kitabının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov, "Fransa xatirəsi" cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Aleksandr Vattin, Xarici Işlər Nazirliyinin nümayəndələri və digər tanınmış ictimai xadimlər iştirak ediblər.
Tədbirin əvvəlində Əhmədiyyə Cəbrayılovun həyatı, onun keçdiyi döyüş yolu barədə məlumat verilib.
Kitabın tərtibatçısı Xarici İşlər Nazirliyi Təhlil və Strateji Araşdırmalar İdarəsinin birinci katibi Gülnarə Məmmədova çıxışında bildirib ki, kitabda Ə.Cəbrayılovun həyat və döyüş yolunu əks etdirən arxiv sənədləri, tarixi fotoşəkilər və dövri nəşrlər onun Şəkidə yerləşən ev muzeyi, müvafiq dövlət qurumları, Rusiya və Fransa arxivlərindən əldə edilib: "Kitabda təqdim edilən materialların əksəriyyəti ilk dəfə nəşr edilib".
Ə.Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov kitabı hazırlayan şəxslərə təşəkkür edib, həmçinin bu vaxta kimi göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda Aleksandr Vattin Əhmədiyyə Cəbrayılovun ala bilmədiyi medalları onun oğluna təqdim edib.
Tədbir iştirakçıları, həmçinin Əhmədiyyə Cəbrayılova dair foto materiallardan hazırlanmış sərgiyə baxış keçiriblər.
Xatırladaq ki, 2020-ci il avqustun 11-də Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.