Dünya təcrübəsində artıq uzun müddətdir müəllimlərin sertifikasiyası sistemi var - RƏY

Dünya təcrübəsində artıq uzun müddətdir müəllimlərin sertifikasiyası sistemi var - RƏY Sertifikasiya təhsilin olmazsa olmazıdır.
Elm və təhsil
8 İyun , 2024 17:25
Dünya təcrübəsində artıq uzun müddətdir müəllimlərin sertifikasiyası sistemi var - RƏY

Müəllimlərin sertifikasiyası təhsilin "olmazsa olmazı"dır.

Bu fikirləri "Report"a Filologiya üzrə fəlsəfə doktoru, təhsil texnoloqu, dosent Şəmil Sadiq deyib.

Ekspert qeyd edib ki, bu sistem həm təhsilin keyfiyyətini ölçür, həm müəllimləri öz üzərində işləməyə təşviq edir, həm də müəllimlərin əməkhaqqına müsbət təsir edir:

“Sertifikasiyanı alqışlayıram və tərəfdarıyam. Bəzən yanlış informasiyalarla yüklənən şəxslər tərəfindən bu sistem tənqid olunurdu. Amma artıq insanlar da sertifikasiyanın, əslində, çox faydalı olduğunu görürlər”.

Təhsil texnoloqu vurğulayıb ki, hələlik sertifikasiya bilik və nəzəriyyə üzərində aparılır, amma bu, yetərli deyil.

“Hesab edirəm ki, sertifikasiya imtahanı daha geniş əhatəli olmalıdır. Kurikulum sisteminin tətbiqi ilə təfəkküryönümlü məktəbə keçdiyimiz üçün müəllimin də təfəkküryönümlü olması vacibdir. Ona görə, sertifikasiyada müəllimin sinifdəki illik performansı nəzərə alınmalıdır. Bir müəllimi dəyərləndirəndə, yalnız biliklə deyil, elmi-pedaqoji fəaliyyəti, davranış qaydaları, sinif idarəçiliyi, ünsiyyət bacarıqları və s. nüansları da nəzərə almaq lazımdır", - Ş.Sadiq deyib.

"Sertifikasiya müəllimlər üçün niyə lazımdır?" sualına gəlincə, Şəmil Sadiq vurğulayıb ki, sertifikasiya sayəsində müəllim illik fəaliyyətini özü ölçə bilir:

"İmtahan edilmək məsuliyyəti müəllimlərə yeni təcrübə də qazandırır. Onların özünün şəxsi inkişafına çox müsbət təsir edəcək məqamlar var. Müəllimlərin dünya görüşünün artırılması da vacib məsələdir. Müəllimlər təcrübə və bacarıqları ilə önə çıxan obraz olmalıdırlar. Onların təkcə bilikləri deyil, oxuma bacarıqları, özünü inkişaf etdirmə məsuliyyəti olmalıdır.

Bütün bunları isə sertifikasiya sayəsində irəlilətmək mümkündür. Elm və Təhsil Nazirliyinin bu təcrübəsini - sertifikasiyanı biz də özəl şirkət olaraq, çalışan müəllimlərimizə tətbiq edirik. Dünya təcrübəsində isə uzun müddətdir belə sistem var. Ona görə, sertifikasiyanın ancaq fayda verəcəyini düşünürəm".

Son xəbərlər

Orphus sistemi