Dünya Məktəbinin valideynləri təhsil haqlarında güzəştin edilməsini istəyir

Dünya Məktəbinin valideynləri təhsil haqlarında güzəştin edilməsini istəyir Xəzər Universitetinin Dünya Məktəbinin şagirdlərinin valideynləri təhsil müəssisəsində koronavirusla əlaqəli tədrisin dayandığı müddətdən təhsil haqqının bir qisminin qaytarılmasını istəyirlər.
Elm və təhsil
16 İyun , 2020 17:14
Dünya Məktəbinin valideynləri təhsil haqlarında güzəştin edilməsini istəyir

Xəzər Universitetinin Dünya Məktəbinin şagirdlərinin valideynləri təhsil müəssisəsində koronavirusla əlaqəli tədrisin dayandığı müddətdən təhsil haqqının bir qisminin qaytarılmasını istəyirlər.

“Report”a daxil olan şikayətdə bir qrup valideyn bu günə kimi, təhsil prosesində hər-hansı bir ciddi problem ilə rastlaşmadıqlarını bildirsələr də, təxminən 3 ay yarımlıq təhsil haqları ilə bağlı onlara heç bir güzəştin edilmədiyini bildiriblər.

Qeyd olunub ki, valideynlər mart ayından etibarən dəfələrlə onlayn qaydasında olsa belə, bəzi xidmətlər mövcud vəziyyətlə əlaqədar təşkil olunmayıb:

"Məktəbin rəhbərliyi ilə bu məsələnin, həmçinin qeyd edilmiş dövr üçün təhsil haqqının ödənilməsi məsələsi ilə bağlı müzakirələrə cəhd edilib. Lakin valideynlərin bu istiqamətdəki xahişləri eşidilməyib. Bunun əvəzində isə Dünya Məktəbindən mayın 5-də məktub alınıb.

Məktubun məzmununda qeyd edilib ki, Dünya Məktəbi tərəfindən aparılan maliyyə təhqiqatı nəticəsində müəyyənləşdirilib ki, külli miqdarda təhsil haqqı bu günə kimi ödənilməyib və 2019/2020-ci dərs ili üçün ödənilməli olan məbləğ 15 iyun tarixinə kimi tam ödənilməlidir.

Həmçinin məktubda bildirilir ki, məktəb rəhbərliyi qidalanma öhdəliyinin həyata keçirilmədiyini nəzərə alaraq, cari təhsil haqqına 300 AZN məbləğində güzəşt tətbiq edir və borclu valideyn bu ilin təhsil haqqını iyunun 15-dək tam ödənilmədiyi təqdirdə, şagirdin sinifdən-sinfə keçirilməsi əmrləşdirilməyəcək. Bundan başqa, növbəti tədris ilinin təhsil haqqının 50%-nin də sentyabrın 5-nə kimi ödənilməsi istənilib".

Övladları həmin məktəbdə oxuyan valideynlər məktəblər aralarında imzaladıqları müqavilənin şərtlərinə görə, karantin dövründə məktəbin valideynlərdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ yoxdur və həmin öhdəlik karantin dövrü ərzində uzadılmış hesab edilir: “Göründüyü kimi, hər hansı yeni şəraitin və şərtlərin tətbiqi üçün, o cümlədən onlayn tədris üçün tədris haqının müəyyən edilməsi üçün birtərəfli olaraq xidmət haqqından 300 manatın azaldılması yox, hər iki tərəfin qarşılıqlı razılıqla müəyyən edilməsi tələb edilir”.

“Report” məktəblə əlaqə saxlamaq istəsə də, bildirildi ki, mətbuata telefon vasitəsilə heç bir məlumata verə bilməzlər: “Valideynin hər hansı şikayəti varsa, məktəbə yaxınlaşmalıdır”.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı martın 3-dən etibarən 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Son xəbərlər

Orphus sistemi