Dövlət qulluğunda gender bərabərliyinə dair aktual məsələlərin müzakirəsi aparılıb

Dövlət qulluğunda gender bərabərliyinə dair aktual məsələlərin müzakirəsi aparılıb “Dövlət qulluğunda gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar” mövzusunda tədbir keçirilib.
Elm və təhsil
11 Oktyabr , 2021 19:42
Dövlət qulluğunda gender bərabərliyinə dair aktual məsələlərin müzakirəsi aparılıb

“Dövlət qulluğunda gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar” mövzusunda tədbir keçirilib.

"Report” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə 11 oktyabr 2021-ci il tarixindən “Dövlət qulluğunda gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar” mövzusunda təlimlərin keçirilməsinə başlanılır.

Bu məqsədlə də bu gün keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin müvafiq nazirliklərin yanında dövlət agentlikləri və dövlət xidmətlərinin gender məsələləri üzrə məsul şəxsləri iştirak ediblər. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov tədbiri giriş nitqi ilə açaraq, gender bərabərliyi məsələləri istiqamətində bu təlimlərin aktuallığını vurğulayaraq, qadın problemlərinin və gender bərabərsizliyinin aradan qaldırılması üzrə görülən tədbirlərin vacibliyini diqqətə çatdırıb. B.Xəlilov “Dövlət qulluğunda gender bərabərliyi üzrə” Kurikulumun mahiyyəti və məzmunu haqqında məlumat verərək, dövlət qulluğunda gender bərabərliyinin təmini məsələlərindən bəhs edib.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini Elgün Səfərov “Gender bərabərliyinin təmin edilməsi və stereotiplərlə mübarizə” mövzusunda təqdimatla çıxış edərək, gender stereotiplərinin fərdlər və cəmiyyət üzərindəki mənfi təsirləri və qarşısının alınması üsulları barədə danışıb.

Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət idarəçiliyində gender bərabərliyi: beynəlxalq öhdəliklər və milli normalar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər, gender bərabərliyinin dövlət siyasətində rolu və gender bərabərliyi məsələsində dövlətin götürdüyü beynəlxalq öhdəliklər barədə təlim iştirakçılarına məlumat verilib.

Həmçinin, Mərkəzin sektor müdiri Elnur Abbasov “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” haqqında məlumat verib, “Dövlət qulluğuna qəbul mexanizmləri və dövlət qulluğunda gender bərabərliyi” və “Dövlət qulluğunda vəzifədə yüksəliş prosesində və ehtiyat kadrların idarə edilməsində gender bərabərliyi” mövzularında təqdimatlarla çıxış edib. Dövlət qulluğunda gender bərabərliyinin praktiki aspektləri, gender bərabərliyinə nail olunması üçün tətbiqi mexanizmlər barədə məsələlərə toxunulub.

Tədbir dövlət qulluğunda gender bərabərliyinə dair aktual məsələlərin müzakirəsi ilə davam edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimlərin ali təhsil müəssisələri və məhkəmə orqanlarının nümayəndələri üçün keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi