Media nümayəndələrinin iştirakı ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (EATDA) mediatur təşkil olunub.
“Report” xəbər verir ki, iştirakçılar vətəndaşların qəbulu və Agentliyin struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.
Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev bildirib ki, Vətəndaş Qəbulu və Çağrı Mərkəzinə müraciət edən vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun məlumat verilir, həmçinin elektron xidmətlərlə bağlı texniki yardım göstərilir: “Eyni zamanda quruma daxil olan elektron və yazılı müraciətlər qeydə alınaraq müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir”.
O qeyd edib ki, bu ilin 6 ayında Dövlət Agentliyi ümumilikdə 43 553 müraciəti cavablandırıb: “Çağrı Mərkəzinə 23 803, Vətəndaş Qəbulu Mərkəzinə 1 456 müraciət daxil olub. Kağız daşıyıcılarda və elektron formadakı müraciətlərin sayı 12 398, “Whatsapp” və sosial media xidməti vasitəsilə daxil olan müraciətlərin sayı isə 5 896 olub”.
EATDA-nın Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tələbələrin köçürülməsi, ali təhsilin kredit sistemi ilə təşkili, orta ixtisas təhsil müəssisələri və digər mövzular barədə iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Aqşin Abasov dövlət nümunəli təhsil sənədlərinin təqdim olunması ilə bağlı prosedur barədə media nümayəndələrini məlumatlandırıb. Onun sözlərinə görə, Bu ilin 6 ayı ərzində ali təhsil müəssisələri və kolleclərin müraciətləri əsasında ümumilikdə 7 500-dən çox müxtəlif adda təhsil sənədi təhvil verilib, hazırda cari ilin məzunları ilə bağlı işlər davam etdirilir.
Daha sonra Elmi müəssisələrlə iş şöbəsinin müdiri Mübariz Hacıbəyov müasir elmi laboratoriyaların qurulması, elmmetrik göstəricilərə əsasən alimlərin qiymətləndirilməsi mexanizmləri, eləcə də alimlərin qarşılaşdığı çətinliklər və onların aradan qaldırılması yollarından bəhs edib.
Qeyd edək, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Elm və Təhsil Nazirliyi elm, ali və orta ixtisas təhsili sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən qurumdur. Agentlik “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı əsasında yaradılıb.