ADA Universitetində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
"Report" xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər iştirak edib.
Çıxışlar zamanı qeyd olunub ki, müsabiqə çərçivəsində qazanılan təcrübə, bilik və əlaqələr, eləcə də bir illik mentorluq proqramı qaliblərin peşəkar həyatlarına mühüm təsir göstərəcək.
Daha sonra isə Təşkilat Komitəsinin sədri, üzvləri və mərasimin xüsusi qonaqları builki qalibləri diplomla təltif edib, xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, qalibləri 1 il ərzində mentorlardan - dövlət qurumlarının rəhbərlərindən və iri şirkətlərin top-menecerlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 manat dəyərində pul mükafatı gözləyir.
Xatırladaq ki, builki müsabiqədə 25 nəfər qalib olub.
Məlumat üçün bildirək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.