Dilçilik İnstitutu: Dillə bağlı problemlərin aradan qaldırılması üçün korrektor işi bütün saytlarda bərpa olunmalıdır

Dilçilik İnstitutu: Dillə bağlı problemlərin aradan qaldırılması üçün korrektor işi bütün saytlarda bərpa olunmalıdır Şöbə müdiri: "Saytlarda dil probleminin həlli üçün çıxış yolları çoxdur"
Elm və təhsil
9 Mart , 2018 16:44
Dilçilik İnstitutu: Dillə bağlı problemlərin aradan qaldırılması üçün korrektor işi bütün saytlarda bərpa olunmalıdır
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva / Report/ Firi Salim

Bakı. 9 mart. REPORT.AZ/ "Dillə bağlı problemlərin aradan qaldırılması üçün korrektor işi bütün saytlarda bərpa olunmalıdır".

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

O xatırladıb ki, son illər kütləvi informasiya vasitələrinin dili ilə bağlı bir çox işlər görülüb: "Müşahidələrimiz göstərir ki, bu sahədə ciddi nailiyyətlər əldə olunub. Dilçilik İnstitutu saytların və televiziyaların dili ilə bağlı monitorinqlər aparır. Aşkarlanan qüsurlar ictimaiyyətə açıqlanır, media orqanlarına qüsurların düzəldilməsi ilə bağlı məsləhətlər verilir. Dilçilik İnstitutu daim dillə bağlı qüsurların aradan qaldırılmasına çalışır. Çünki kütləvi informasiya vasitələri birbaşa kütləyə ünvanlanır və maarifləndirici funksiya daşıyır. Media nümayəndələri dil məsələsində ehtiyatlı olmalıdırlar. Dilin qayda-qanununa riayət etmək medianın borcudur".

Şöbə müdirinin sözlərinə görə, demək olar ki, saytların hamısında dil problemi var: "Aşkarlanan problemlərin bəziləri operativlik və saytlar arasında gedən rəqabətlə əlaqəlidir. Redaktorlar göndərilən materialı tez vermək üçün əsas materiala baxırlar. Materiallar saytda yerləşdirildikdən sonra ona redaktorlar yenidən baxsa, daha yaxşı olar ki, bu da vaxt baxımından çox vaxt mümkün olmur".

Son dövrlərdə saytlarda aşkarlanan dil qüsurlarına münasibət bildirən mütəxəssisin sözlərinə görə, qüsurlar daha çox morfoloji və sintaktik pozuntular kimi özünü göstərir: "Qeyri-peşəkar saytların dilində isə səhvlər nisbətən çox olur. Qeyri-peşəkar saytlarda durğu işarələri səhvləri, leksik norma pozuntuları, tərcümə mətnlərində anlaşılmaz cümlələr və s. qüsurlara rast gəlmək olur. Məsələn, "O", "Bu" əvəzlikləri və "Ki" bağlayıcısından sonra vergül işarəsi qoyulması çox vaxt problem olur. Burda elə bir çətinlik yoxdur, "ki" bağlayıcısından sonra xəbər gəlirsə, vergül işarəsi qoyulmur. "Bu" və "O" əvəzliklərindən sonra isə qoşma, bağlayıcı, xəbər, ədat və s. gəlirsə, o zaman vergüldən istifadə edilmir. Dilimizin qayda-qanunlarına dərindən bələd olmaq, orfoepiya və orfoqrafiya qaydalarına əməl etmək lazımdır".

S.Əliyeva qeyd edib ki, saytlarda dil probleminin həlli üçün çıxış yolları çoxdur: "Mətbuat nümayəndələrinin mütləq ali təhsili olmalıdır, qeyri-peşəkarların mətbuata axınının qarşısı alınmalıdır. Filologiya və jurnalistika istiqamətində təhsil alanlar bu peşədə daha çox uğur qazana bilərlər. Bu gün saytlarda ən böyük çatışmazlıq korrektor ştatının ləğv edilməsidir. Korrektor işi bütün saytlarda bərpa olunmalıdır, bu çox vacib amildir".

Son xəbərlər

Orphus sistemi