DİM-ə daxil olan şöbələrin 2019-cu ilə dair hesabatları açıqlanıb

DİM-ə daxil olan şöbələrin 2019-cu ilə dair hesabatları açıqlanıb Dövlət İmtahan Mərkəzinin (DİM) strukturuna daxil olan şöbələrin 2019-cu il ərzindəki fəaliyyətinə dair hesabatları açıqlanıb.
Elm və təhsil
28 Dekabr , 2019 09:39
DİM-ə daxil olan şöbələrin 2019-cu ilə dair hesabatları açıqlanıb

Dövlət İmtahan Mərkəzinin (DİM) strukturuna daxil olan şöbələrin 2019-cu il ərzindəki fəaliyyətinə dair hesabatları açıqlanıb.

DİM-dən “Report”a verilən məlumatada bildirilib ki, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi Mərkəz tərəfindən keçirilən imtahanların və tədbirlərin təşkil edilməsi üçün kompüter sistemləri, proqram-texniki təminatın yaradılması, təkmilləşdirilməsi və istismarı, məlumat bazalarının yaradılması, göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi və digər istiqamətlərdə zəruri tədbirlər həyata keçirir. Şöbənin hesabatına əsasən il ərzində Mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlarda 571 mindən (detallı məlumat burada) artıq iştirakçı sayı qeydə alınıb. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün 16 yeni proqram yazılmış və ya mövcud proqramlar üzərində dəyişiklik edilmişdir. Hesabatın geniş məzmunu ilə buradan tanış olmaq mümkündür.

Texnoloji nəzarət və informasiya təhlükəsizliyi şöbəsinin hesabatına əsasən il ərzində təxminən 887 min sual kitabçası və cavab vərəqi çap olunub. Bunlardan 545 mini sual kitabçalarının, 222 mini buraxılış imtahanlarının cavab vərəqələrinin, 120 mini isə qəbul imtahanlarının cavab vərəqələrinin payına düşür. Hesabatın geniş məzmunu ilə buradan tanış olmaq mümkündür. Bundan əlavə, şöbənin Avtomatlaşdırılmış İstifadəçi Xidməti Mərkəzinin (IT Service Desk) məlumatına əsasən 2019-cu ildə mərkəzdaxili 1300-dən çox sorğu emal olunub. Ətraflı burada tanış olmaq mümkündür.

Metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, hərbi liseylərə və bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarının məzmunu ilə bağlı (buraxılış və qəbul imtahanları üçün proqramlar, imtahan modelləri) və imtahanlara hazırlaşanlara, şagirdlərə və müəllimlərə metodiki köməklik baxımından metodiki materiallar hazırlanır. Fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla şöbə tərəfindən 5-11-ci sinif dərslikləri əsasında 110 “Qiymətləndirmə tapşırıqları” kitabçası (Azərbaycan və rus dillərində) yenidən hazırlanıb. Bundan əlavə, Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəblərinin 1, 4, 7 və 8-ci sinifləri üçün hazırlanmış 57 dərslik komplektinin nəşrəqədərki layihələrinin elmi-metodiki monitorinqi və qiymətləndirilməsi aparılıb. Fənlər üzrə hazırlıq kurslarının fəaliyyəti də davam etdirilib. İl ərzində 113 kurs: Bakıda 27, bölgələrdə 86 kurs təşkil olunub. Kursu müvəffəqiyyətlə keçmiş müdavimlərdən 678 nəfər sertifikat alıb. Hesabatın geniş məzmunu ilə buradan tanış olmaq mümkündür.

Təşkilat şöbəsinin 2019-cu ildəki fəaliyyətinə əsasən ümumiləşdirilmiş nəticələrə görə imtahanların təşkili və idarə edilməsi məqsədi ilə 1384 imtahan binası ayrılmış, 4105 imtahan rəhbəri, 42374 zal nəzarətçisi və 4159 buraxılış rejimi əməkdaşı prosesə cəlb edilmişdir. Zal nəzarətçilərinin fəaliyyətinin müxtəlif meyarlar əsasında qiymətləndirilməsinə əsasən 1423 nəzarətçi-müəllimə təşəkkür elan edilmiş, 27 nəfər isə fəxri fərmanla təltif edilmək üçün nəzərdə tutulmuşdur. İl ərzində zal nəzarətçiləri bazası daha da genişləndirilmiş və “Zal nəzarətçilərinin elektron qeydiyyatı”sisteminə əsasən bazada 15003 nəfər vardır. Nəzarətçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün onların sertifikatlaşdırılması işi bu il də davam etdirilmiş və hazırda bazada 557 nəfər sertifikatlı nəzarətçi mövcuddur. Hesabatın geniş məzmunu ilə buradan tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi