Bakı. 13 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.
Mərkəzdən "Report"a verilən məlumata görə, müsahibə mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 56 vakant icraçı vəzifələr (BA və BB vəzifə qrupları) üzrə aparılacaq.
Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat avqustun 12-dək davam edəcək.
Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 12 iyuldan 12 avqust saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
•struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
•vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12), Şəki Apellyasiya Məhkəməsi (16), Nizami Rayon Məhkəməsi (11), İqtisadiyyat Nazirliyi (8) tərəfindən təqdim olunmuşdur.
Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunmuşdur:
•Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vakant vəzifə) BB3 altqrupu üzrə 12
•Şəki Apellyasiya Məhkəməsi (16 vakant vəzifə) BA4 altqrupu üzrə 16
•İqtisadiyyat Nazirliyi (8 vakant vəzifə) BA4 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 5, BB3 altqrupu üzrə 1
•Dövlət Xəzinədarlığı Agentliyi (1 vakant vəzifə) BB2 altqrupu üzrə 1
•Nəsimi Rayon Məhkəməsi (7 vakant vəzifə) BB4 altqrupu üzrə 7
•Nizami Rayon Məhkəməsi (11 vakant vəzifə) BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 10
•1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi (1 vakant vəzifə) BB2 altqrupu üzrə 1.
Əlavə olaraq bildiririk, müsabiqəyə çıxarılmış 56 vakant inzibati vəzifədən 18-i BA, 38-i isə BB vəzifə qrupuna aiddir.