Bakı. 10 iyul. REPORT.AZ/ Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirib.
"Report" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd iştirakçılara dövlət qulluğu sahəsində son islahatlar və yeniliklər, o cümlədən dövlət qulluğuna dair qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat vermək, dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər və onların həlli sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparmaq olub.
Tədbirdə Prezident Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Konfransda DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edib.
Məleykə Abbaszadə
DİM-in əməkdaşları tərəfindən "Dövlət qulluğu haqqında" Qanuna edilmiş son əlavə və dəyişikliklər, dövlət qulluğuna yeni qəbul qaydaları, sertifikasiya prosesi, dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının reyestrinin aparılması qaydaları, bu zaman yaranan problemlər və onların həlli istiqamətində görüləcək işlər, dövlət qulluğuna qəbul ilə bağlı elektron imtahanların təşkilində tətbiq ediləcək yeniliklər barədə təqdimatlar edilib.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, Konstitusiyaya edilən son dəyişikliklər idarəetmə sistemində ishalatları tələb edir. O vurğulayıb ki, istər tələbə qəbulu, istərsə də dövlət qulluğu stateji işdir: “Dövlət İmtahan Mərkəzi yaradıldıqdan sonar cəmiyyətlə sıx işlədi, elə buna görə də qurumda İctimai Şura yaradıldı. DİM ən şəffaf dövlət qurumlarındandır. Şəffaflıq bundan sonar da əsas prinsiplərinimizdən biri olacaq, belə də davam edəcək. Dövlət qulluğunda vakansiyalar bəzi hallarda ya gizlədirlirdi, ya da gecikdirilirdi. Ümid edirəm ki, bundan sonra bu məsələlər qaydasına düşəcək, proseslərin həyata keçirilməsi təmin olunacaq”.
Əliməmməd Nuriyev
Qeyd edilib ki, bu günə kimi vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olmadığı halda, yeni qaydalarla artıq bu məcburi norma olaraq müəyyən edilib.
Konfransda, həmçinin Dövlət İmtahan Mərkəzinin Litva Dövlət Katibliyi ilə birgə icra edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” Layihəsinin icra vəziyyəti və gələcək planlar barədə də iştirakçılara məlumat verilib.






