"LANDAU School-un baş məsləhətçisi Devid Dreper Report.az-a verdiyi müsahibədə "LANDAU Academy" layihəsi və məktəb barədə bəhs edib, tələbələr və gənc müəllimlərlə məsləhətlərini bölüşüb, həm gələcək planlarından danışıb, həm də Azərbaycan və Britaniya gənclərini müqayisə edib...
- Nə üçün Siz məhz təhsil sahəsini seçmisiniz? Lütfən, öz təcrübənizdən danışın...
- Düşünürəm ki, hər birimiz bizə ilham verən müəllimi xatırlayırıq. Məni ilhamlandıran isə fizika müəllimi idi. Əslində, mən bu fənni ümumiyyətlə sevmirdim, lakin o, dərsləri çox maraqlı keçirdi. Mən təhsilimi humanitar elmlər, xüsusilə tarix sahəsində davam etdirdim, amma həmin dərslərin necə maraqlı olduğunu heç vaxt unutmadım. Bankda işləməyə başladım, lakin 5 ildən sonra məktəb günlərinin xatirələri məni təhsilə qaytardı. Geri qalanı, necə deyərlər, tarixdir!
- LANDAU School-un baş məsləhətçisi olmaq necə hissdir?
- Dərs demək çərçivəsindən kənara çıxan və təhsili həzz almağa çevirə bilən mükəmməl komanda ilə işləmək mənim üçün böyük şərəfdir. Mən onların coşğusunu və öz fəlsəfələrinə sadiqliyini görürəm, çünki bu gün məktəbdə çalışan hər kəs özünü dəyərli hiss edir və ortaq işə töhfəsini verməyə qadirdir. Təəssüf ki, son 15 ayda fiziki olaraq həmkarlarımın yanında ola bilmədim, axı bizi əhatə edən dünya dəyişib və bütün əlaqələr virtual qaydaya keçib. İndi isə mən həm yeni binaları, həm yeni komandaları görmək imkanını səbirsizliklə gözləyirəm və ümid edirəm ki, LANDAU-nun inkişafına öz töhfəmi verməyə davam edəcəyəm.
- Yeni müəllimlərə onların ilk illərində nə məsləhətlər verərdiniz?
- Üç əsas qaydanı yadda saxlayın. İlkin təəssürat çox vacib əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən sərtlik göstərmək lazımdır. İlk təlimatları açıq şəkildə verin və onların yerinə yetirilməsini gözləyin. İkincisi, hər zaman ədalətli olmaq lazımdır. Ədalətsiz davranmaq və hətta kiminsə sizin sevimliniz olduğunu göstərmək fəlakətdir. Şagirdlərinizin bəzilərini sevəcəksiniz, bəziləri ilə barışacaqsınız, digərlərini isə, ola bilsin, sevməyəcəksiniz. Lakin siz aktyorsunuz və bunu bildirməməlisiniz. Üçüncüsü isə, şagirdlərlə əylənməyə, daha dəqiq desək, dincəlməyə və müəllimlə şagirdin dost olduğu ab-hava yaratmağa imkanınız olacaq.
- Azərbaycanlı tələbələrə və abituriyentlərə nə məsləhət verərdiniz?
- LANDAU School-da müvəffəqiyyətin açarı ingilis dilini yaxşı bilməkdir. Bunu Böyük Britaniya vətəndaşı olaraq demək mənim üçün asandır. Lakin bütün imtahanlar ingilis dilində olduğundan, onu yaxşı bilmək uğurun təməlidir. Bundan əlavə, tədris prosesindən həzz almaq və bütün şagirdləri qəbul etməyə hazır olmaq lazımdır. Müvəffəqiyyət əldə etmək üçün məktəb şagirdin risk edə biləcəyi və mənfi hökmlər olmadan cavab axtarmağa çalışdığı bir yer olmalıdır. Şagirdlər təhlükəsiz və həmahəng mühitdə imtahanlardakı qiymətlərində ötrü yox, şəxsi məmnunluqları üçün həvəslə təhsil almalıdırlar.
- Keyfiyyətli təhsilin əsas zəmanəti hansılardır?
- Keyfiyyətli təhsil öyrənmək sevgisini aşılayır. Zənnimcə, bu, o deməkdir ki, insanlar tədris prosesindən ləzzət alırlar və yalnız imtahanı verməkdən ötrü oxumurlar. Bunlar bizim həyatda uğur qazanmaq üçün atdığımız və ya atmalı olduğumuz addımlardır. Ancaq bu addımlar təhsilə davam etmək üçün həvəsləndirməlidirlər. Mənim ölkəmdə Üçüncü Yaş Universiteti var. Bu, oxumaq istəyən təqaüdçülər üçün yaradılmışdır. Mənim orda fəlsəfə fakültəsində təhsil alan 94 yaşlı çox yaxın birrəfiqəm var.
- Bizə "LANDAU Academy"dən bəhs edə bilərsinizmi: Bu layihənin əsas məqsədi nədir?
- Azərbaycanda müəllim hazırlığının yüksək keyfiyyətinə əmin olsam da, beynəlxalq, xüsusən də Britaniya təhsil proqramının konsepsiyası fərqlidir. Tədris etmə bacarıqları eynidir, lakin metodika başqadır. Britaniya kurrikulumunun əksər hissəsi elə hazırlanıb ki, şagirdlər tədris zamanı tərəfdaş olur və onlar öz fikirlərini və gəldiyi nəticələri təqdim edir, onlara həvalə olunmuş missiyanı doğrultmağa hazır olurlar. "LANDAU Academy" təlim keçmiş müəllimlərin öyrədilən dərslərin müşahidəsi də daxil olmaqla, həm nəzəri həm də praktiki olaraq Britaniya kurrikulumunun yanaşmaları ilə tanış olmaları üçün nəzərdə tutulmuş bir illik kursdur. "LANDAU Academy" müəllim heyətinin birlikdə çalışması üçün imkan və pedaqoqların peşəkar inkişafına töhfədir.
- Birləşmiş Krallıqda, Türkiyədə və Azərbaycanda müxtəlif məktəblərə rəhbər vəzifədə və idarə heyətini üzvü vəzifəsində işləyən biri olaraq, LANDAU School-un Britaniya məktəbləri üzrə yüksək standartlara cavab verməsi üçün hansı addımlar atırsınız?
- Bu üsullardan biri tədrisdir. Mən hər zaman rəhbərlər şurasının iclaslarında, əməkdaşların toplantılarında, dərslərin müşahidələrində və idarəçilərlə müzakirələrdə iştirak etməkdən məmnun olmuşam. Lakin xarici tanınma əhəmiyyətlidir və mən şadam ki, məktəbimiz "Pearson" və "Cambridge" tərəfindən keyfiyyətli təhsil təmin etməyə, eləcə də "A-level" imtahanlarını keçirə bilməyə qadir olaraq tanınıb. Buna nail olmaq, Böyük Britaniyadan olan müfəttişlər tərəfindən yoxlamanı da ehtiva edən zəhmətli bir işdir. Bu yoxlamaların nəticələri və nüfuzlu təhsil müəssisələri tərəfindən qəbul edilməsi LANDAU School-un ingilis məktəblərinin təhsil standartlarına cavab verməsi deməkdir.
- LANDAU School Britaniya təmkininin və Azərbaycan emosionallığının uğurlu ahəngidir. Məktəbin simvolu olan şir onun məqsədyönlülüyünü əks etdirir. Belə unikal tandemə necə nail olmusunuz?
- Azərbaycanlı şagirdlərin təhsilə verdiyi önəm məni hər zaman valeh edib. Onlar öyrənməyə həvəsli və nəzakətlidirlər. Bu müsbət elementlər daha emosional mədəniyyətin bizim ingilis soyuqqanlı yanaşmamıza uyğunlaşmasına imkan verir. Aslan gücün və cəsarətin, hamımızın ehtiyac duyduğu və LANDAU şagirdlərində bariz şəkildə mövcud olan keyfiyyətlərin simvoludur.
- LANDAU School-un hansı güclü tərəflərini saya bilərsiniz?
- Məktəbin komanda ruhu, şagirdlər və müəllimlər arasında olan qarşılıqlı hörmətdən görülən qəbuletmə mədəniyyəti var. Xüsusi ab-havanı isə təhsilin keyfiyyəti, əlavə resurslar, həmçinin şagirdlərin imtahanlarda və digər sahələrdə, məsələn, incəsənət və idmandakı uğurları yaradır.
- LANDAU School-un gələcək planları nələrdir?
- "LANDAU Education Group" daim dəyişir və inkişaf edir. Üç il əvvəl cəmi 123 şagirdlə başlayan LANDAU School bu gün tək Azərbaycanın yox, bütün regionun ən böyük beynəlxalq məktəbidir. Cari tədris ilində məktəbin 4 korpusu var, lakin 2021/22-ci tədris ilində onların siyahısına daha 2 korpus əlavə olunacaq. Müəllim hazırlığı və universitetə qəbul kimi digər sahələr də var. Bir sözlə: LANDAU inkişaf etməyə davam edir!
- Azərbaycanı xaricdən və daxildən tanıyan biri kimi, Odlar Yurdu haqqında nə deyə bilərsiniz? Azərbaycanlı gənclər Britaniyalı gənclərdən nə ilə fərqlənir?
- Son üç ildəki müntəzəm səfərlərlə birlikdə Azərbaycanda yaşadığım 6 ili özüm üçün çox dəyərli hesab edirəm. Mənim üçün ən vacib amillərdən biri insanların istiqanlı və qonaqpərvər olmalarıdır. Ölkənizin bir çox güşələrinə səfər etmək imkanım oldu. Lənkəran yaxınlığında çay fabrikində çay yarpağının arıtlanmasında iştirak etmək, İsmayıllıda fermada qalmaq, Şəki kəndlərinin birində evdə hazlırlanmış mürəbbə yarışmasına münsif olmağım mənim xatirələrimdir. Hər yerdə məni mehribanlıqla qarşılayıblar. Zənnimcə, Azərbaycanlı gənclər böyüklərə qarşı daha hörmətli və nəzakətli davranırlar. Ümid edirəm ki, bütün bunlar gələcəkdə də davam edəcək və müasir həyat tərzinin üstünlüklərini Azərbaycan mədəniyyətinin bu daxili gücü ilə birləşdirmək daim mümkün olacaq.