Görkəmli geomorfoloq alim, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Hüseyn Ağamalı oğlu Xəlilov vəfat edib.
Bu barədə “Report”a Coğrafiya İnstitutundan bildirilib.
H.A.Xəlilov 1942-ci il oktyabrın 27-də Füzuli rayonunun Hünküklü kəndində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib, təyinatla Qazaxıstana göndərilib. Şimali-Qazaxıstan geofiziki ekspedisiyasında baş texnik-geoloq vəzifəsində işləyib və oradan da hərbi xidmətə çağırılıb.
1968-1969-cu illərdə Azərbaycanda Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb. 1969-cu ildən başlayaraq, Azərbaycan EA Coğrafiya İnstitutunun geomorfologiya şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifələrində, 1991-1994-cü illərdə Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası bölməsində işləyıb, 1994-cü ildən geomorfologiya şöbəsində tətbiqi geomorfologiya qrupuna rəhbərlik edib.
H.Xəlilov 1980-ci ildə «Kiçik Qafqazın şimal-qərb hissəsinin morfostruktur təhlili» mövzusunda namizədlik, 2004-cü ildə isə «Kiçik Qafqazın şərq hissəsi timsalında morfostruktur və paleogeomorfoloji təhlil və relyefin öyrənilməsinin axtarış əhəmiyyəti» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, «Qafqazın regional geomorfologiyası», «Azərbaycanın relyefi», «Azərbaycan Respublikasının konstruktiv coğrafiyası» üçcildliyi, «Azərbaycanın paleogeomorfologiyası» monoqrafiyalarının, «İzahlı geomorfoloji lüğət» və «Azərbaycanın təbii ehtiyatları» atlasının, Dövlət mükafatına layiq görülmüş «Azərbaycan Respublikasının Coğrafiyası» monoqrafiyasının 1-ci və 3-cü cildlərinin, «Naxçıvan Muxtar Respublikasının Coğrafiyası» monoqrafiyalarının icraçı müəlliflərindən biri, «Kiçik Qafqazın morfostrukturları» monoqrafiyasının və 200-ədək elmi məqalə və tezislərin müəllifidir.
Allah rəhmət eləsin!