Cəlilabad rayonu Pərdi kənd ümumi orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, 130 şagird yerlik olan məktəbin yeni binası səkkiz sinif otağı, bir kitabxana, bir müəllimlər otağı və direktor otağından ibarətdir. Təhsil müəssisəsinin həyətində bir geniş otaqlı yardımçı bina, qapalı mini idman meydançası inşa olunub.
Məktəbin binası müasir elektrik, kombi istilik sistemi, su anbarı və quyusu ilə təchiz edilib. Yeni məktəbin bütün ərazisində metal konstruksiyalı materiallardan istifadə edilməklə, çəpərləmə və asfaltlama işləri aparılıb, yerli şəraitə davamlı ağaclar və dekorativ bitkilər əkilib.