Cəlilabad rayonunda "Yay məktəbi" davam edir.
"Report"un Muğan bürosunun məlumatına görə, bu il ölkə ərazisində təşkil olunmuş “Yay məktəbi” Cəlilabad rayonu üzrə bütün məktəblərdə təşkil olunub.
Hazırda rayonun bütün məktəblərində şagirdlər bu prosesə maraq göstərir və dərslər müxtəlif şəraitdə keçirilir.
"Report"un Muğan bürosunun əməkdaşı prosesi izləmək üçün rayonun Alar kənd 2 saylı tam orta məktəbində olub.
Məktəbin riyaziyyat və fizika müəllimi Elçin Abbasov deyir ki, artıq iyunun 16-dan dərslər başlayıb və böyük əhval-ruhiyyə ilə davam edir. Dərslərin məqsədi tədris olunan mövzuları bir daha təkrar etməkdən ibarətdir.
Qeyd edək ki, “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.