Okeanoloq: "Köpək balıqlarına həmişə marağım olub"

Okeanoloq: "Köpək balıqlarına həmişə marağım olub" “Köpək balıqları Yer üzünün təbiətində mühüm yerə sahibdir. Onların daha çox tədqiq olunmalarını arzulayıram. Həmçinin başqa soydaşlarımızla birgə dənizə dalaraq köpək balıqlarını çəkmək maraqlı olardı”.
Elm və təhsil
21 Yanvar , 2022 17:00
Okeanoloq: Köpək balıqlarına həmişə marağım olub

“Köpək balıqları Yer üzünün təbiətində mühüm yerə sahibdir. Onların daha çox tədqiq olunmalarını arzulayıram. Həmçinin başqa soydaşlarımızla birgə dənizə dalaraq köpək balıqlarını çəkmək maraqlı olardı”.

Bunu “Report”a fotoqraf və köpək balıqlarına həsr olunmuş filmin müəllifi, böyründə nəhəng çapıq olan ağ köpək balığının şəklini çəkməklə dünya mediasında gündəm yaratmış Cəlil Nəcəfov deyib.

“Köpək balıqlarına həmişə maraq göstərmişəm. Bu da həmin sahədə çalışan bir çox insanla tanış olmağıma səbəb oldu. Get-gedə bu aləmə daha çox daxil olurdum. Bir müddət sonra hiss etdim ki, əvvəllər sadəcə sosial şəbəkələrdə izlədiyim insanlarla bir yerdə olmaq, eyni işlərlə məşğul olmaq istəyirəm” – deyən müsahibimiz həmçinin o məşhur köpək balığını kameraya çəkdiyi Quadelupa adasına yolu düşən ilk azərbaycanlı olub: “Orada əvvəllər azərbaycanlı olmayıb. Yeri gəlmişkən, elə Seabatch adı verdiyim o çapıqlı balığı çəkdiyim gün bu videonu da çəkmişəm”.

Sayəsində dünya şöhrəti qazandığı şəklin ərsəyə gəlməsindən danışan müsahibimiz qətiyyətlə bildirib ki, həmin 14 futluq ağ köpək balığının böyründə bir çox mübahisələrə səbəb olmuş çapıq başqa bir canlının hücumu nəticəsində əmələ gəlib:

“Köpək balıqlarının həyatı çox sərt şərtlər altında keçir, onların bir-birilə dava etmələri adi haldır. Davalar ov uğrunda, cütləşmə dövründə, yaxud başqa, daha iri növ köpək balıqlarından müdafiə olunmaq üçün olur” – deyən Cəlil əlavə edib ki, həmin kadrları dərc etdirmədən əvvəl ekspertlərin də rəyini öyrənib, onlar da bu çapığın hücum əlaməti olduğunu deyiblər.

Müsahibimiz onu da qeyd edib ki, köpək balıqlarında yaralar çox tez sağaldığına görə həmin çapığın gənc yaşların “yadigar”ı olması barədə fikirlər ağlabatan deyil: “Məsələn, qara uclu qayalıq köpək balıqlarında (Carcharhinus melanopterus) yaralar cəmi iki aya dərilə örtülür, yarım ildən sonra isə tamamilə yox olur.

Fikrimcə, çəkdiyim balıqdakı o çapıq haradasa bir ildir var və başqa bir ağ köpək balığının qapmasının nəticəsidir. Həmin o balığın boy ölçülərini söyləmək çətindir. Bunu bilmək üçün tanıdığımız 20 futluq ağ köpək balığının 3D modelini tərtib etməyə çalışarıq ki, onun 14 futluq balığa nə boyda yara vura biləcəyini təsəvvür etmək olsun. Əlbəttə, daha da böyük ağ köpək balıqları da ola bilər, amma belələri insanlara rast gəlməyib. Heyf ki, Seabatchın başına gələn o əhvalatı təfsilatla heç vaxt öyrənə bilməyəcəyik”.

Müsahibimiz həmçinin köpək balıqlarının Yer üzünün təbiəti, xüsusilə okean üçün çox əhəmiyyətli olduqlarını dilə gətirib: “Onlar okean ekosistemini tənzimləyir, tarazlığını saxlayır, başqa balıqların planktonu ifrat istehlakının qarşısını alırlar. Bu da iqlim dəyişikliyinin qarşısını almaqda mühüm amildir”.

Cəlil Nəcəfov qeyd edib ki, dünyada hər il 70 milyonadək köpək balığının insanlar tərəfindən məhv edilməsi üzündən onların sayı artıq 70 faiz azalıb: “Köpək balıqlarına insanların qənim kəsilməsi xeyli dərəcədə Uzaq Şərq ölkələrində, xüsusilə Çində onların finindən hazırlanan şorbanın milli təam olmasıdır. Odur ki, köpək balıqlarının ovlanmasına bir çox ölkələrdə qoyulmuş qadağaya baxmayaraq, həmin sektor inkişaf edir. Bununla yanaşı, köpək balıqlarının müxtəlif üzvləri bəzi qida əlavələrinin, ətriyyat məmulatlarının istehsalında istifadə olunur. Köpək balıqlarının ətinə, dişlərinə, qaraciyər piyinə də tələbat var. Köpək balıqları tez-tez başqa balıqların ovlandığı torlara düşür. Bu heyvanların gec böyüməsi, az bala verməsi də onları həssas edən amillərdəndir”.

Son xəbərlər

Orphus sistemi