Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) cari ildə qeyri-formal və informal təcrübənin tanınmasını həyata keçirib.
"Report”un məlumatına görə, bunu qurumun İdarə Heyətinin sədri Tural Əhmədov media üçün illik hesabat görüşündə deyib.
Onun sözlərinə görə, 2024-cü il ərzində TKTA tərəfindən 6 yeni peşə ixtisası (“Avtomobil mühərrikləri yığıcısı”, “Kargüzar”, “Mühafizəçi”, “Poliqrafiya üzrə dizayner”, “Kompüter operatoru”, “İnşaat ustası”) üzrə qiymətləndirmə və tanınma həyata keçirilib:
“Qeyri-formal və informal təhsil üzrə TKTA tərəfindən qiymətləndirmə və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb”.
T.Əhmədov bildirib ki, cari il ərzində ümumilikdə 240 nəfər ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinə cəlb edilib:
“Onlardan 192 nəfərin nəticələri məqbul hesab edilərək ikinci mərhələyə keçib, 48 nəfər isə qeyri-məqbul nəticə göstərib. İkinci mərhələdə bacarıq, təcrübə və səriştələrin qiymətləndirilməsi davam edir”.