Bakı. 20 fevral. REPORT.AZ/ “Xarici ölkələrdən dilimizə keçən alınma sözlərin əksəriyyəti sanki "vətəndaşlıq hüququ" qazanıb. Bu sözləri dilimizdən kənarlaşdırmaq düzgün deyil”.
"Report" xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Buludxan Xəlilov Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda deyib.
Professorun sözlərinə görə, Azərbaycan dili bu dildə yazıb-yaratmaq istəyənlər üçün geniş meydan verən bir dildir: “Amma sadəcə olaraq, dilin ruhuna toxunmaq istəyənlər var. Dil haqqında heç bir məlumatı olmayanlar dilin taleyi haqqında danışırlar. Bəziləri az qala ərəb-fars sözlərini Azərbaycan dilindən çıxarmağı iddia edirlər. Axı, həmin alınma sözlər artıq bizim dilimizə uyğunlaşıb və doğmalaşıb. Ona görə də, dil ilə bağlı təkliflər verən zaman ehtiyatlı olmaq lazımdır. Çünki bəzi alınma sözlər var ki, artıq "vətəndaşlıq hüququ" qazanıblar”.