Bu il məktəblər şagirdlərə vahid geyim məsələsində güzəşt edə bilərlərmi?

Bu il məktəblər şagirdlərə vahid geyim məsələsində güzəşt edə bilərlərmi? “Pandemiya səbəbindən əvvəlki illərlə müqayisədə bu il üçün Bakı Tikiş Evində (BTE) məktəbli formalarının alışında ajiotaj yoxdur, yəni satış zəifdir”.
Elm və təhsil
30 Avqust , 2021 15:57
Bu il məktəblər şagirdlərə vahid geyim məsələsində güzəşt edə bilərlərmi?

Video əlavə olunub

15:57

Azərbaycanda yeni tədris ilinin başlamasına iki həftə vaxt qalıb. Aidiyyəti dövlət qurumları məktəblərin açılması ilə əlaqəli müvafiq müzakirələr aparır.

Bir müddət əvvəl Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində sentyabrın 15-də dərslərin bərpa olunacağının nəzərdə tutulduğunu deyib.

Bu barədə, habelə məktəblərdə dərslərin neçə dəfə keçiriləcəyi barədə müvafiq qərarın gələn həftə ərzində açıqlanacağı bildirilir.

Yoluxma sayının sürətlə artması bir çox valideyni haqlı səbəbdən narahat edir və onlar övladları üçün vahid məktəbli formasını almağa tərəddüd edirlər. Hesab edirlər ki, məktəbli formasını alıb xərcə düşməkdənsə, bir müddət gözləmək yaxşıdır. İndi gözləyib sonradan kütləvi şəkildə forma almaq isə forma satışı məkanlarında müəyyən sıxlığa səbəb olar və bu da öz növbəsində virusun yayılması təhlükəsini qarşıya qoymuş olur. Bu nöqteyi-nəzərdən məktəblər şagirdlərin vahid forma məsələsində hər hansı güzəşt edə bilərlərmi?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Report”a açıqlamasında yeni tədris ilinin başlaması barədə qəti fikir bildirməsə də, dövlətin əsas məqsədinin gənclərə təhsil vermək olduğunu bildirib:

“Geyimin növündən asılı olmayaraq, təhsil almaq əsas şərtdir. Ona görə də hesab edirəm ki, əsas təhsil almaq məsələsinə fikir verməliyik”.

Təhsil eksperti Kamran Əsədov isə “Report”a açıqlamasında qeyd edib ki, müvafiq qanunvericiliyə əsasən məktəblərdə təhsil alan şagirdlərin formadan istifadəsi zəruridir:

“Pandemiya dövründə məktəbli formalarının qiymətlərində hər hansı artım müşahidə edilmir. Təbii ki, bu, məktəbli formalarının alınması ilə bağlı mövcud qaydaların dəyişməsinə gətirib çıxarmamalıdır. Sadəcə, bu məsələdə aidiyyəti dövlət qurumları öz mövqeyini ortaya qoymalıdırlar. Bu səbəbdən hesab edirəm ki, aztəminatlı ailələrin övladları üçün məktəbli formalarının alınmasına köməklik edilə bilər”.

K.Əsədov misal çəkərək vurğulayıb ki, ötən tədris ilində valideynlər xərc çəkib forma alsalar da, pandemiya səbəbindən distant təhsilə keçid oldu:

“Nəticədə, aldıqları geyimdən istifadə olunmadı. Ona görə də valideynlərə dəstək olmaq lazımdır. Eləcə də məktəbli yarmarkaları təşkil edilməlidir ki, sosial vəziyyəti zəif olan ailələr lazımi məktəb ləvazimatlarını münasib qiymətə ala bilsinlər. Məktəbli forması tədris prosesi vaxtına təsir edən başlıca amildir. Bəzən yuxarı sinif şagirdləri lazımsız aksesuarlardan istifadə edir. Bu da tədrisin normal gedişinə mane olur, diqqət yayınmış olur”.

“Bir faktı da qeyd edim ki, bəzən valideynlər məktəbli formasının satıldığı məkanlarda övladlarına bir neçəsini geyindirib yoxlayırlar. Təmas hallarının minimuma endirilməsi üçün valideynlərə geyimlərdən birdəfəlik yoxlama icazəsinin verilməsi məqsədəuyğun olardı. Yaxud əllərində qoruyucu əlcəkləri olan şəxslərin geyimlərə toxunmasına icazə verilsin. Çünki ölkədə aktiv koronavirus xəstələrinin sayı kifayət qədər artıqdır. Ona görə də bir geyimə çox sayda insanın toxunması yolverilməzdir. İmkan daxilində və forma zədəli deyilsə, əvvəlki ilin məktəbli formasının geyinilməsi yaxşı olardı” – deyə ekspert əlavə edib.

Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, BTE verilən qərardan asılı olmayaraq, öz işini davam etdirir:

"Burada məkanda məktəbli formasının satışı ilin istənilən vaxtında davam edir".

Onun sözlərinə görə, pandemiya səbəbindən əvvəlki illərlə müqayisədə bu il üçün məktəbli formalarının alışında ajiotaj yoxdur, yəni satış zəifdir:

“Məktəblərin açılacağı deyilsə də, valideynlərin bir qismi əksini düşünür. Bu səbəbdən məktəbli formalarının alınması üçün elə də çox axın müşahidə olunmur. Bildiyim qədərilə məktəblərin sentyabrın 15-də açılacağı deyilsə də, rəsmi qərar hələ gələn ayın əvvəlində mövcud epidemioloji vəziyyət dəyərləndirildikdən sonra məlum olacaq. Bu səbəbdən valideynlər gözləmə mövqeyindədir”.

Şöbə rəisi bildirib ki, forma tikilişi üçün ehtiyat var və heç bir çatışmazlıq yoxdur: “Bütün materialları Türkiyədən alırıq. Valideyn sıxlığının olmaması üçün iri supermarketlərdə məktəbli formasının satışı üçün şərait yaradılıb. Lakin hər hansı ümumtəhsil müəssisəsində forma satışı mümkün deyil. Çünki məktəb tədris üçündür”.

O əlavə edib ki, bu il üçün də məktəbli formalarının satış qiymətində heç bir dəyişiklik edilməyib: “Aşağı siniflər üçün vahid formanın qiyməti (pencək - şalvar, pencək - ətək) 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır. Köynəklərin qiyməti isə ölçüsündən asılı olmayaraq 8 manat təşkil edir”.

Qeyd edək ki, müvafiq qanunvericiliyə əsasən, tədris prosesi hər il sentyabrın 15-də başlayır.

Müxbir: Nərmin Bəhruzi

Son xəbərlər

Orphus sistemi