Tbilisi. 8 sentyabr. REPORT.AZ/ Bu il Gürcüstanın ali məktəblərinə 788 azərbaycanlı qəbul olub.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, bununla da 2018-2019-cu tədris ilində Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı üzrə qəbul olunanlar arasında azərbaycanlılar böyük üstünlük təşkil edib.
Onların 99 nəfəri 100 faizlik qrantla ali məktəblərin gürcü dili üzrə hazırlıq kurslarında təhsil alacaqlar. Azərbaycanlı gənclərin əksəriyyəti - 253 nəfəri Gürcüstan Texniki Universitetinə qəbul olub. 235 gənc İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, 192-si isə İlya Dövlət Universitetinin tələbəsi adını qazanıb.
Gürcüstan Tibb Universitetinə 49, Suxumi Dövlət Universitetinə 34, İ.Qoqebaşvili adına Telavi Dövlət Universitetinə 6, A.Tsereteli adına Kutaisi Dövlət Universitetinə 5, D.Ağmaşanebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasına 5, Avroregional Təhsil Universitetinə 3, Ş.Rustaveli adına Batumi Dövlət Universitetinə 3, Təhsil Akademiyası ali təhsil müəssisəsi, Tbilisi Təhsil Universiteti və A.Kutateladze adına Dövlət Rəssamlıq Akademiyasına isə hər birinə 1 azərbaycanlı tələbə qəbul olub.
Qeyd edək ki, “1+4” proqramı xüsusi olaraq Gürcüstanda yaşayan milli azlıqlar üçün hazırlanıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsi üzrə təhsil almaq imkanı əldə edirlər. İlin sonunda 60 kredit balı toplaya bilən tələbələr imtahan vermədən istədikləri fakültədə təhsillərini davam etdirə bilirlər.