Bakı. 11 fevral. REPORT.AZ/ Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın tam mətni açıqlanıb. "Report" 2017/2018-ci il tədris ili üzrə ali məktəblərə sənəd verəcək abituriyentlər üçün maraqlı olacaq sənədi təqdim edir:
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır
1. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 16 yanvar tarixli 2 nömrəli qərarı ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 8 fevral
tarixli 39 nömrəli qərarı ilə
təsdiq edilib.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir.
1.2. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.
1.3. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.
1.4. Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.
1.5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlхalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanın-da) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir.
1.7. Müsabiqədə iştirak ödənişlidir.
1.8. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları - bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür (1 nömrəli əlavə).
2. Ərizələrin qəbul edilməsi
2.1. Ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər isə ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni özləri təsdiq etməlidirlər. Digər abituriyentlər aşağıdakı sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər:
2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
2.1.2. tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (tam orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı (2 nömrəli əlavə);
2.1.3. Azərbaycan Respublikasında ali təhsil müəssisəsini bitirən abituriyentlərə həmin təhsil müəssisəsi tərəfindən verilən və ali təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (3 nömrəli əlavə);
2.1.4. hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.
2.2. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.
2.3. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər müvafiq təhsil müəssisəsində yaradılmış SQK-ya sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər.
2.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlərin Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda, onlar qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla və ya “məqbul” və “qeyri-məqbul”la qiymətləndirilir.
3. Qəbul imtahanı
3.1. Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:
3.1.1. I ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;
3.1.2. II ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;
3.1.3. III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, ədəbiyyat, riyaziyyat, tarix və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;
3.1.4. IV ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və biologiya;
3.1.5. V ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.
3.2. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin üstünlük dərəcəsi aşağıdakı ardıcıllıqla müəyyən edilmişdir:
3.2.1. I ixtisas qrupu – riyaziyyat, fizika, kimya, Azərbaycan (rus) dili, xarici dil. Riyaziyyat və fizika əsas fənlər hesab olunurlar;
3.2.2. II ixtisas qrupu – riyaziyyat, coğrafiya, Azərbaycan (rus) dili, xarici dil, Azərbaycan tarixi. Riyaziyyat və coğrafiya əsas fənlər hesab olunurlar;
3.2.3. III ixtisas qrupu – Azərbaycan (rus) dili, tarix, ədəbiyyat, xarici dil, riyaziyyat. Azərbaycan (rus) dili və tarix əsas fənlər hesab olunurlar;
3.2.4. IV ixtisas qrupu – biologiya, kimya, fizika, Azərbaycan (rus) dili, riyaziyyat. Biologiya və kimya əsas fənlər hesab olunurlar.
3.3. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.
3.4. İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyən edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.
3.5. Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.
4. İxtisas seçimi
4.1. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır.
4.2. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar.
4.3. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər.
4.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər.
5. Müsabiqənin keçirilməsi
5.1. Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır. Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.
5.2. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
5.2.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
5.2.2. xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);
5.2.3. qəbul imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;
5.2.4. qəbul imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;
5.2.5. qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;
5.2.6. qəbul imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;
5.2.7. qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.
5.3. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
5.3.1. abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;
5.3.2. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
5.3.3. riyaziyyat fənni üzrə imtahan balı;
5.3.4. Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.
5.4. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
5.4.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;
5.4.2. riyaziyyat fənni üzrə imtahan balı;
5.4.3. Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.
5.5. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
5.6. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.
5.7. Abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər.
5.8. Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər.
5.9. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.
6. Yekun müddəalar
6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.
6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
6.4. Abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;
6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;
6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
6.4.4. səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
6.4.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
6.4.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
6.4.7. cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
6.5. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Qeyd. 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.
_________________________
İxtisas qrupları | ||||
İxtisasların adı | ||||
1. Fizika müəllimliyi 2. Riyaziyyat və informatika müəllimliyi3. Riyaziyyat müəllimliyi 4. Texnologiya müəllimliyi 5. İnformatika müəllimliyi 6. Riyaziyyat 7. Mexanika 8. Fizika 9. Geologiya 10. Kompüter elmləri 11. Materialşünaslıq mühəndisliyi 12. Geologiya mühəndisliyi 13. Hidrogeologiya mühəndisliyi 14. Geofizika mühəndisliyi 15. Dağ-mədən mühəndisliyi 16. Neft-qaz mühəndisliyi 17. Neft-qaz qurğuları mühəndisliyi 18. Elektroenergetika mühəndisliyi 19. İstilik energetikası mühəndisliyi 20. Enerji maşınqayırması mühəndisliyi 21. Metallurgiya mühəndisliyi 22. Maşın mühəndisliyi 23. Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi 24. Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi 25. Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi 26. Uçuş mühəndisliyi 27. Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi 28. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi 29. Gəmi energetik qurğularının istismarı mühəndisliyi 30. Dəniz naviqasiyası mühəndisliyi 31. Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi 32. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi 33. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi 34. Cihazqayırma mühəndisliyi 35. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi 36. Elektrik mühəndisliyi 37. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi 38. Proseslərin avtomatlaşdırılması mühəndisliyi 39. Mexatronika və robototexnika mühəndisliyi 40. Mexanika mühəndisliyi 41. Kompüter mühəndisliyi 42. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi 43. Memarlıq* 44. İnşaat mühəndisliyi 45. Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi 46. Nəqliyyat tikintisi mühəndisliyi 47. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi 48. Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi 49. Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi 50. Torpaqşünaslıq və aqrokimya 51. Kimya mühəndisliyi 52. Qida məhsulları mühəndisliyi 53. Çoxişlənən malların texnologiyası mühəndisliyi 54. İstehlak mallarının ekspertizası və marketinqi 55. Poliqrafiya mühəndisliyi 56. Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi 57. Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi 58. Biotibbi texnologiya mühəndisliyi 59. Ekologiya mühəndisliyi 60. Yanğın təhlükəsizliyi mühəndisliyi 61. Aqromühəndislik 62. Aqronomluq 63. Zootexniklik 64. Balıqçılıq və ba-lıqçılıq təsərrüfatı işi 65. Meşəçilik 66. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi 67. Optotexnika 68. Pirotexniki vasitələrin texnologiyası 69. Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı 70. İnformasiya təhlükəsizliyi 71. Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri 72. Silah və silah sistemlərinin istehsal texnologiyası 73. Xüsusi təyinatlı texnika və sistemlər 74. Kosmik texnologiyalar mühəndisliyi 75. Kosmik texnika mühəndisliyi 76. Kosmik idarəetmə sistemləri mühəndisliyi 77. Geodeziya və xəritəçilik mühəndisliyi 78. Yer quruluşu, torpaq və şəhər kadastrı |
1. Tarix və coğrafiya müəllimliyi2. Coğrafiya müəllimliyi3. Sosiologiya 4. Region-şünaslıq (regionlar üzrə) 5. Beynəlxalq münasibətlər 6. Dünya iqtisadiyyatı 7. Mühasibat uçotu və audit 8. Maliyyə 9. İqtisadiyyat 10. Sənayenin təşkili və idarə olunması 11. Statistika 12. Menec-ment 13. Marketinq 14. Biznesin idarə edilməsi 15. Dövlət və bələdiyyə idarəetməsi 16. Kom-mersiya 17. Hidromete-orologiya 18. Turizm və otelçilik 19. Coğrafiya 20. Nəqliyyat servisi (nəqliyyat növləri üzrə) |
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi2. Xarici dil müəllimliyi (dillər üzrə)3. Tarix müəllimliyi 4. İbtidai sinif müəllimliyi 5. Korreksiya-edici təlim 6. Məktəbəqədər təlim və tərbiyə 7. Təhsildə sosial-psixoloji xidmət 8. Filologiya (dil və ədəbiyyat göstərilməklə) 9. Fəlsəfə 10. Tərcümə (dillər üzrə) 11. Jurnalistika* 12. Kitab-şünaslıq 13. Tarix 14. Antropolo-giya 15. Politologiya 16. Hüquq-şünaslıq 17. Dinşünaslıq 18. Kitab-xanaçılıq və informasiya 19. Muzey-şünaslıq, arxiv işi və abidələrin qorunması 20. Sənət-şünaslıq 21. Teatr-şünaslıq 22. Kinoşünaslıq 23. Bədii yaradıcılıq və ekran dramaturgiyası 24. Sosial iş 25. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) 26. Dövlət və ictimai münasibətlər |
1. Biologiya müəllimliyi2. Kimya müəllimliyi3. Kimya və biologiya müəllimliyi 4. Psixologiya 5. Biologiya 6. Ekologiya 7. Baytarlıq 8. Müalicə işi 9. Hərbi həkim işi 10. Tibbi profilaktika 11. Stomatolo-giya 12. Əczaçılıq 13. Həkim yardımçısı 14. Su bioehtiyatları və akvabitkilər 15. Kimya |
1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)*2. Bədən tərbiyəsi və idman*3. Musiqi müəllimliyi* 4. Təsviri incəsənət müəllimliyi* 5. İnstrumental ifaçılıq* 6. Solo oxuma* 7. Dirijorluq* 8. Bəstəkarlıq* 9. Musiqişünaslıq* 10. Xoreoqrafiya sənəti* 11. Estrada sənəti* 12. Xalq çalğı alətləri ifaçılığı* 13. Aktyor sənəti* 14. Dekorativ sənət* 15. Rejissorluq* 16. Operator sənəti* 17. Rəngkarlıq* 18. Qrafika* 19. Heykəl-təraşlıq* 20. Dizayn* (təsviri sənət istiqaməti) 21. Dizayn* (memarlıq və dizayn istiqaməti) |
*Bu ixtisaslar xüsusi qabiliyyət tələb edən ixtisaslardır.