Bakı. 1 aprel. REPORT.AZ/ Təhsil Nazirliyi tərəfindən yaradılan "Ali təhsil müəssisələri" qapalı Facebook qrupu bu gündən etibarən geniş istifadəçi auditoriyasına təqdim olunur. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
"Ali təhsil müəssisələri” Facebook səhifəsi (https://www.facebook.com/groups/ali.tehsil.muessiseleri/) qapalı fəaliyyət göstərdiyi müddət ərzində tam formalaşdırılıb. Bu səhifə KİV-in ali məktəblərin fəaliyyəti, ali təhsil sahəsində aparılan islahatlar və baş verən yeniliklərlə bağlı operativ məlumatların vahid mənbədən operativ şəkildə əldə etməsinə imkan verir.
Qeyd edək ki, Təhsil Nazirliyinin kütləvi informasiya vasitələri ilə daha səmərəli münasibətlərin qurulması yönündə həyata keçirdiyi ardıcıl tədbirlər media ilə əlaqələrin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Media və təhsil dialoqu" mövzusundakı praktik konfranslar, "Dəyirmi masa"lar, seminar və brifinqlər, media nümayəndələrinin regionlardakı və paytaxtdakı təhsil müəssisələrinə mediaturları KİV-lə əməkdaşlıq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.