Bu gün 27 minə yaxın abituriyent I və IV qrupa imtahan verir

Bu gün 27 minə yaxın abituriyent I və IV qrupa imtahan verir Onlardan 22 min 381 nəfəri I qrup üzrə, 4 min 539 nəfəri IV qrup üzrə imtahan verəcək
Elm və təhsil
14 İyul , 2015 08:52
Bu gün 27 minə yaxın abituriyent I və IV qrupa imtahan verir

Bakı. 14 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarını keçirir. "Report" xəbər verir ki, imtahan ölkənin 11 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 47 binada aparılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana özləri ilə buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. Həmçinin imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanda 26 min 920 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 22 min 381 nəfəri I qrup üzrə, 4 min 539 nəfəri IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 24 min 74 nəfəri ( I qrup üzrə 19 min 959 nəfər, IV qrup üzrə 4115 nəfər) Azərbaycan bölməsinin, 2846 nəfəri (I qrup üzrə 2422 nəfər, IV qrup üzrə 424 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin15 min 809 nəfəri (I qrup üzrə 13990 nəfər, IV qrup üzrə 1819 nəfər) oğlanlar, 11 min 111 nəfəri ( I qrup üzrə 8391nəfər, IV qrup üzrə 2720 nəfər) isə qızlardır. 26 min 200 nəfər orta ümumtəhsil məktəblərinin, 18 nəfər ali təhsil müəssisələrinin, 702 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 191 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1980-ci ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində 11 min 942, Naxçıvanda 1206, Gəncədə 3181, Sumqayıtda 1733, Mingəçevirdə 1214, Şəkidə 1749, Ağcabədidə 925, Göyçayda 1349, Şirvanda 978, Lənkəranda 1574, Xaçmazda isə 1069 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 216 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2230 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq. 

Qeyd edək ki, imtahanda abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər test suallarının ekspertizasını aparacaq. Həmin gün "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunan sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verəcəklər. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və "facebook" səhifəsində yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi