BMT-nin proqram direktoru Bakı Ali Neft Məktəbində olub

BMT-nin proqram direktoru Bakı Ali Neft Məktəbində olub Bakı. 14 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təlim və Tədqiqat İnstitutu ilə təhsil sahəsində əməkdaşlığa hazırlaşır. Belə ki, BMT-nin dəstəyi və vasitəçiliyi ilə bir qrup xarici tələbənin BANM-də mühəndislik üzrə təhsil alacağı gözlənilir. 
Elm və təhsil
14 Mart , 2018 12:45
BMT-nin proqram direktoru Bakı Ali Neft Məktəbində olub
BANM

Bakı. 14 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təlim və Tədqiqat İnstitutu ilə təhsil sahəsində əməkdaşlığa hazırlaşır. Belə ki, BMT-nin dəstəyi və vasitəçiliyi ilə bir qrup xarici tələbənin BANM-də mühəndislik üzrə təhsil alacağı gözlənilir. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, bu barədə ali məktəbin rektoru Elmar Qasımovun BMT-nin Təlim və Tədqiqat İnstitutunun proqram direktoru Aleksandr Mexia və Azərbaycanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov ilə görüşündə müzakirə aparılıb.

A.Mexia BMT-nin bir sıra ölkələrdə insanlara daha yaxşı həyat şəraiti təmin etmək məqsədilə müxtəlif layihələr həyata keçirdiyini söyləyib. Qeyd edilib ki, BMT İnkişaf Proqramı vasitəsilə belə layihələri həyata keçirir. Güclü təhsilin bütün sahələrdə vacibliyini vurğulayan A.Mexia neft-qaz mühəndisliyi üzrə kadrların yetişdirilməsinə ehtiyacı olan Afrika və Latın Amerikası ölkələrindən bir qrup gəncin BANM-də təhsil ala bilməsinin mümkün istiqamətlərindən söz açıb. Bildirilib ki, əməkdaşlıq haqqında müzakirələr uğurla davam edərsə, yeni dərs ilindən BMT-nin xətti ilə bir qrup əcnəbi gənc artıq BANM-də təhsilə başlaya bilər.

Təşəbbüsü yüksək qiymətləndirən E.Qasımov dövlətin BMT-nin müxtəlif sosial layihələrini dəstəklədiyini söyləyib, bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, neft-qaz sahəsində Heriot-Vatt Universitetinin tədris proqramlarını tətbiq edən BANM-in burada təhsil alan tələbələri sektorun aparıcı şirkətlərində yüksək istehsalat təcrübəsi ilə də təmin etdiyini vurğulayıb. Ali məktəbin yeni istifadəyə verilmiş kampusunda yaşayış yerlərinin və idman-sağlamlıq kompleksinin xarici tələbələr üçün daha əlverişli şərait vəd etdiyini bildirən rektor bugünkü dünya standartlarına cavab verən BANM-in dünyanın istənilən ölkəsindən tələbələri qəbul etməyə hazır olduğunu deyib.

Səfir V.Sadıqov isə layihənin BANM-in timsalında həm Azərbaycan üçün, eyni zamanda, iştirakçı ölkələr də daxil olmaqla BMT-nin Təlim və Tədqiqat İnstitutu üçün böyük əhəmiyyət daşıdığının söyləyib.

Daha sonra proqramın detallarını müzakirə edən tərəflər arasında ümumi razılıq əldə edilib.

Sonda qonaqlar BANM-ın kampusunun infrastrukturu ilə tanış olublar.

Orphus sistemi