Bəzi rayonlardakı peşə təhsil müəssisələrinin yerinin dəyişdirilməsi ilə bağlı hökumətə təkliflər veriləcək.
Bunu “Report”a müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, bəzən peşə təhsil müəssisələrinə gənclərin gəlməməsini səsləndiririk:
“Burada peşə təhsil müəssisələrinin bir çoxunun yerləşməsi məsələsi var. Sovet dövründə tikilmiş bir çox müəssisələrimiz var ki, onlar adətən rayon mərkəzindən uzaq, yaxud nəqliyyat baxımından əlçatan deyil. Misal olaraq, Yardımlı rayonunda peşə təhsil müəssisəmiz rayonun girişindədir. Amma rayonda ictimai nəqliyyatın səviyyəsi qənaətbəxş olmadığından orada davamiyyətlə bağlı ciddi problemlərlə üzləşirik və təhlil göstərir ki, bu il orada oxuyan tələbələrin təxminən 40%-i müəssisədən 20 km aralı məsafədə yaşayır. Bu o deməkdir ki, onlar ictimai nəqliyyatın olmadığı halda ya fərdi nəqliyyat vasitələrindən, ya da taksi və digər xidmətlərdən istifadə etməlidir. Təbii ki, bu da bir çox hallarda onların büdcəsinə uyğun deyil”.
C.Kərəmov vurğulayıb ki, ölkədə fəaliyyət göstərən 10 müəssisəmiz rayon mərkəzindən kənar, yəni nəqliyyat baxımından əlverişli yerdə yerləşmir: “Növbəti illərdə hökumətə verəcəyimiz təkliflər siyahısında həmin rayonlarda peşə təhsil müəssisələrinin yerinin dəyişdirilməsi, eyni zamanda infrastrukturun genişləndirilməsi məsələsi yer alacaq. Əminik ki, növbəti üç ildə yeni istifadəyə veriləcək müəssisələr vətəndaşların peşə təhsilinə əlçatanlığını daha da artıracaq”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.