BDU-da ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

BDU-da ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində Aşıq Şəmşir Mədəniyyat Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyev - Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu” mövzusunda məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib.
Elm və təhsil
17 Dekabr , 2019 17:19
BDU-da ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində "Aşıq Şəmşir" Mədəniyyat Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə "Ulu öndər Heydər Əliyev - Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu” mövzusunda məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. Müasir Azərbaycanın öz varlığı ilə ulu öndərə borclu olduğunu bildirən rektor vurğulayıb ki, ümummilli liderin xidmətləri sayəsində Azərbaycanda müstəqillik əbədi və dönməz xarakter alıb, dövlətçilik möhkəmlənib, iqtisadi inkişaf üçün güclü təməl yaradılıb, elm və milli təhsil sistemi müasirləşdirilib, fəal maarifçilik kursu həyata keçirilib.

Rektor həmçinin "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi işlərdən söz açıb. Bildirib ki, İctimai Birliyin gördüyü işlər təqdirəlayiqdir:

“Mən hər zaman vurğulamışam ki, belə tədbirlərimiz davamlı olmalıdır. İctimai Birliyin növbəti tədbirlərindən biri də ümummilli lider Heydər Əliyevə həsr olunub. Çünki Heydər Əliyev BDU-nun məzunu olub, biz də bununla qürur duyuruq. Qaliblərin mükafatlandırılması mərasiminin BDU-da keçirilməsi rəmzi məna daşıyır. Biz gələcəkdə də "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi ilə birlikdə tədbirlər keçirəcəyik".

E.Babayev Heydər Əliyevin BDU-nun ən görkəmli, dünya şöhrətli məzunu olduğunu xüsusi vurğulayıb və bu mövzuda məqalə müsabiqəsinin keçirilməsini yüksək dəyərləndirib, müsabiqə qaliblərini təbrik edib.

Sonra xalq şairi Nəriman Həsənzadə Heydər Əliyevin həyat və faəliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib, ümummilli liderin Azərbaycan dövlətinin və xalqının taleyində müstəsna xidmətlərindən bəhs edib. O, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Müsabiqənin Təşkilat Komitəsinin rəhbəri, BDU-nun dosenti Ələmdar Cabbarlı müsabiqənin yekunları haqqında məlumat verib: "Bizim təşkilatımızın təməl prinsiplərindən birincisi ulu öndər Heydər Əliyevin siyasətinin təbliği və onun irsinin gənclərə aşılanmasıdır. Bu məqsədlə biz onlarla kitab çap etmişik. Ölkə daxilində və xaricdə müxtəlif tədbirlər keçirmişik. Hazırda keçirdiyimiz tədbir də bu tədbirlərin davamıdır. Biz düşündük ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyində universitetin dünya şöhrətli məzununa həsr olunmuş bir müsabiqə təşkil edək. Müsabiqəyə noyabrın 30-dan start verilib. 10 gündə 102 nəfərin məqaləsi təşkilat komitəsinə daxil olub. Bu, böyük bir rəqəmdir. Bu həm də gənclərin marağının göstəricisidir. 102 müsabiqə iştirakçısından 6 nəfəri qalib seçilib. 3 nəfərə həvəsləndirici mükafata layiq görülür. Qaliblərə mükafatları təqdim olunacaq”.

Tədbirin sonunda "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbirin keçirilməsinə yaratdıqları şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, müsabiqə qaliblərini və eyni zamanda BDU-nun professor-müəllim və tələbə heyətini 100 illik yubiley münasibətilə İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından təbrik edib: "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin və Kəlbəcər ictimaiyyəti adından Elçin Babayevə təşəkkürümü bildirirəm. Bu günə qədər 900-ə yaxın layihə və tədbirlər həyata keçirmişik. Ölkəmizin milli-mənəvi dəyərlərinin, incəsənətimizin təbliği, görkəmli şəxslərin yaradıcılıqlarının və irsinin öyrənilməsi, eyni zamanda, ümummilli lider Heydər Əliyev irsinin gənc nəsilə aşılanması istiqamətində tədbirlər həyata keçirilib”.

Sonda müsabiqənin qalibləri elan olunub. Qaliblərə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən diplom, pul mükafatı və digər hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi