Bakı. 25 may. REPORT.AZ/ Bakı Dövlət Universiteti (BDU) 2016-2017-ci tədris ilində 10 ixtisas üzrə əlavə təhsil almaq üçün tələbə qəbulu elan edib.
"Report"un xəbərinə görə, universitet ekologiya, kompüter elmləri, coğrafiya, tarix, beynəlxalq münasibətlər, filologiya (Azərbaycan dili və ədəbiyyat, eləcə də Rus dili və ədəbiyyatı), iqtisadiyyat, psixologiya, hüquqşünaslıq, həmçinin yer quruluşu, torpaq və şəhər kadastrı ixtisaslarına tələbə qəbulu həyata keçirəcək.
Əlavə təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla BDU arasında bağlanan fərdi müqavilələr əsasında həyata keçiriləcək.
Əlavə təhsil müvafiq ixtisas üzrə bakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılacaq.
Əlavə təhsil almaq istəyənlər BDU rektorunun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti, 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi sənədlərini təqdim etməlidirlər.
Xarici ali təhsil müəssislərinin məzunları isə aldıqları ixtisasların Azərbaycan ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilən şəhadətnamə təqdim etməlidirlər.
Qeyd edək ki, sənədlər mayın 25-dən etibarən iyulun 7-dək (istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək əsas binada (I mərtəbə, 4 saylı otaq) qəbul edilir.
Əlavə təhsil almaq üçün universitetə sənəd verəcək şəxslərlə müsahibə aparılacaq. Müsahibədən uğurla keçənlər, müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.
Təhsil Azərbaycan və rus dillərindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir. Təhsil əyani və qiyabi formalarda təşkil olunur.